REGİONLAR
Azərbaycanın dövlət müstəqilliyi tarixi nailiyyətimizdir
Ağstafa, 27 may, Famil Quliyev, AZƏRTAC
Ağstafadakı Heydər Əliyev Mərkəzində 28 May - Respublika Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq, 1918-ci il mayın 28-nin hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu gün olduğunu qeyd edib. Bildirib ki, 1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikasının təməli qoyulub. Cəmi 23 ay yaşasa da, bir sıra mühüm dövlət təsisatlarının əsası yaradılıb. Sovetlər birliyinin dağılması ilə xalqımız 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etdi. Lakin müstəqil Azərbaycan hakimiyyətdəki bacarıqsız rəhbərlər ucbatından öz yeni tarixi inkişaf yolunu müəyyən edə bilmədi. Xalqımız yenidən dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində baş verən Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz insanların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı.
Belə bir məqamda xalq ayağa qalxaraq öz böyük oğlu Heydər Əliyevi vətənə çağırdı. Bununla da böyük siyasi təcrübəyə malik olan ulu öndər Heydər Əliyevin sayəsində müstəqilliyimizin siyasi və iqtisadi sütunları möhkəmləndi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə quruculuq işləri başlandı.
Sonra “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Akşin Quliyev və Qaçaq Kərəm kənd tam orta məktəbinin tarix müəllimi Sevinc Hacıyeva çıxış edərək, Respublika Gününün tarixi barədə ətraflı məlumat veriblər.
X X X
28 May - Respublika Günü Qazax Rayon Gənclər Mərkəzində də qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, dahi rəhbərin xatirəsini böyük ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri açaraq bildirib ki, Azərbaycan Demokratik Respublikası az yaşasa da, 1918-ci ildə onun əkdiyi müstəqillik toxumu XX əsrin son on illiyində yenidən cücərdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Beləliklə, XX əsrdə Azərbaycan ikinci dəfə müstəqillik əldə etdi. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayışından sonra respublikamızın müstəqilliyi məhv olmaq təhlükəsindən qurtuldu. Azərbaycanın dövlət müstəqilliyi tarixi nailiyyətimiz, ən böyük sərvətimizdir.
YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov, 1 nömrəli tam orta məktəbin tarix müəllimi Mustafa Mirzəyev, Bakı Dövlət Universitetinin Qazax filialının baş müəllimi Mübariz Süleymanov, Qazax Dövlət Sosial İqtisadi Kollecinin şöbə müdiri Elvira Əfəndiyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, demokratik hüquq və azadlıqların bərqərar olmasından ətraflı söz açıblar.