SİYASƏT
Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir VİDEO
Bakı, 14 oktyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.
AZƏRTAC xəbər verir ki, bu fikir oktyabrın 14-də Azərbaycan Hərb Tarixi Muzeyində dövlət müstəqilliyimizin bərpasının 25 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
“Azərbaycanın dövlət müstəqilliyinin bərpası böyük tarixi nailiyyətdir” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirib ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra respublikamız uzun müddət SSRİ-nin tərkibində olsa da, xalqımız həmişə müstəqillik arzusu ilə yaşayıb. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin ilk vaxtlarından başlayaraq həmişə ölkəmizin dövlət müstəqilliyini bərpa edəcəyinə inanıb və uzaqgörənliklə bu istiqamətdə mühüm tədbirlər görüb. Ötən əsrin 70-ci illərində dahi şəxsiyyətin yaratdığı indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey olmasaydı, dövlət müstəqilliyimizin qarantı olan bugünkü güclü Silahlı Qüvvələrimiz haqqında danışmaq belə mümkün olmazdı. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində atılan ən böyük addım 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə ilk Konstitusiyamızın qəbul edilməsi oldu.
Sonra Azərbaycan Hərb Tarixi Muzeyinin baş elmi işçisi Nuru Məmmədovun “Azərbaycan müstəqilliyi inkişaf yollarında” mövzusunda çıxışı dinlənilib.
Diqqətə çatdırılıb ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsinə baxmayaraq, həmin tarixi günə qovuşmağımızın təməlində məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Heydər Əliyev deyirdi ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir və müstəqilliyimiz daimidir, sarsılmazdır, əbədidir.
Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə edib.
Sonra müstəqillik gününə həsr edilmiş qısametrajlı sənədli film göstərilib.
Tədbir bədii hissə ilə davam etdirilib.