REGİONLAR
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir
Şamaxı, 25 noyabr, Adil Ağayev, AZƏRTAC
Şamaxı rayonunun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri Ümummilli Liderimizin zəngin irsinin öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzində keçilən dərslərin hər birində fəal iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, noyabrın 25-də keçirilən növbəti dərsin iştirakçıları şəhərdəki 2 nömrəli tam orta məktəbin XI sinif şagirdləri olublar. Tarix müəllimi Gülşən Mustafayevanın keçdiyi dərsdə "Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir" mövzusu tədris edilib.
Məktəblilər Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətdə olduğu dövrlərdə, xüsusilə xalqın təkidi ilə ikinci dəfə ölkəyə rəhbərliyi zamanı çətinliklərlə dolu bir şəraitdə uzaqgörənliklə, zəngin dövlətçilik bacarığı ilə yerinə yetirdiyi böyük missiya barədə konkret məlumatları sonsuz maraqla dinləyiblər. Bildirilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə gərgin ictimai-siyasi vəziyyətin hökm sürdüyü, iqtisadiyyatın tənəzzülə uğradığı, inflyasiya, işsizlik, başıpozuqluq, siyasi iflas şəraitində 1993-cü ilin iyununda hakimiyyətə gələn böyük xilaskar hər cür çətinlikləri məharətlə dəf edərək atəşkəsə nail oldu, ölkədə siyasi sabitliyi bərpa etdi, iqtisadiyyatı dirçəliş yoluna çıxardı. Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində Ümummilli Liderin əvəzsiz xidmətləri bu dahi şəxsiyyəti hər kəsin qəlbində əbədiyaşar bir rəhbərə çevirdi.
Diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli dövlətinə çevrilən, dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına çıxan müstəqil Azərbaycan məhz ulu öndər Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı uğurlu sosial-iqtisadi strategiyanın bəhrəsidir.
Dərs prosesində bütün məlumatları diqqətlə dinləyən şagirdlərə onları maraqlandıran məsələlər barədə də ətraflı izahatlar verilib.