SİYASƏT


Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının ildönümü Efiopiyanın aparıcı təhsil ocağında qeyd edilib

A+ A

Əddis-Əbəbə, 29 oktyabr, AZƏRTAC

Azərbaycanın Efiopiyadakı səfirliyi bu ölkənin bir çox yüksək səviyyəli dövlət rəsmilərinin məzun olduğu aparıcı təhsil ocağı - Beynəlxalq Liderlik İnstitutunda respublikamızın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünə həsr olunan tədbir keçirib.

Tədbirdə çıxış edən səfir Elman Abdullayev Azərbaycanda müstəqillik illərində iqtisadi, sosial və dövlət quruculuğu sahələrində əldə olunan tarixi nailiyyətləri qeyd edərək, bunun Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti ilə bağlı olduğunu vurğulayıb. E.Abdullayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük uğurlara imza atdığını və dünyanın diqqət mərkəzinə çevrildiyini qeyd edib.

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə məlumat verən səfir ölkəmizin ərazi bütövlüyünün və ədalətli mövqeyinin dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə dəstəkləndiyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycanın müxtəlif təhsil müəssisələrini bitirmiş və müstəqilliyimizin ilk illərində ölkəmizdə yaşamış efiopiyalı məzunlar Seyfu Tirfi və Tessisa Kaba o dövrlə bağlı xatirələrini bölüşüblər. Onlar müstəqilliyimizin bərpasından sonra ölkəmizin ağır siyasi-iqtisadi durumla üzləşdiyini, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanın bu böhranlı vəziyyətdən çıxa bildiyini və inkişaf etdiyini bildiriblər.

Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəniyyətini və tarixini əks etdirən videoçarx nümayiş etdirilib.

Efiopiyanın aparıcı kütləvi informasiya vasitələri tədbiri işıqlandırıb.

Аsya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əddis-Əbəbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.