SİYASƏT


Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü Batumidə də qeyd olunub

A+ A

Tbilisi, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar ölkəmizin Batumi şəhərindəki baş konsulluğu tərəfindən təntənəli tədbir keçirilib.

Tədbirdə, Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Avtandil Beridze, Batumi şəhərinin meri Qiorqi Ermakov, kənd təsərrüfatı naziri Laşa Komaxidze, təhsil, mədəniyyət və idman naziri Qiya Tavamaishvili, Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi, Türkiyənin baş konsulu Yasin Temizkan, İranın baş konsulu Hossein Maşhadi, SOCAR-ın Gürcüstan nümayəndəliyinin Batumi şəhərindəki əməkdaşları, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov və Azərbaycan icmasının üzvləri, “AcaraTV”nin baş redaktoru Soso Sturua, Batumidə fəaliyyət göstərən digər icmaların nümayəndələri iştirak ediblər.

Dövlət himnləri səsləndiriləndən sonra çıxış edən baş konsul Rəşad İsmayılov 18 oktyabr - Müstəqillik Gününün müasir Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu bildirib. Qeyd edib ki, 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycanı sözün həqiqi mənasında xilas etdi: “Heydər Əliyevin qayıdışı ilə dağılmaqda, məhv olmaqda olan Azərbaycanın yeni bir dövrü başlandı. Ulu Öndərin həyata keçirdiyi islahatlar, yürütdüyü siyasət nəticəsində Azərbaycan bütün dünyada tanınıb. Ümummilli Lider hakimiyyətdə olduğu illərdə cəbhədə atəşkəsə nail olunub, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanıb, ilk dəfə olaraq ölkənin Konstitusiyası qəbul edilib, bütün sahələrdə islahatların keçirilməsinə şərait yaradılıb. Sevindirici haldır ki, Ulu Öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır”.

Digər çıxış edənlər ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafından, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələrdən və qazanılan uğurlardan danışıblar.

Tədbir ziyafət və klassik musiqi proqramı ilə başa çatıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.