SİYASƏT
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü Koreya Respublikasında qeyd edilib VİDEO
Bakı, 3 noyabr, AZƏRTAC
Ölkəmizin Koreya Respublikasındakı səfirliyi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar Seulda rəsmi qəbul təşkil edib.
Koreyanın dövlət qurumları rəsmilərinin, diplomatik missiyaların rəhbərlərinin, böyük şirkətlərin, ali təhsil ocaqlarının və beyin mərkəzlərinin nümayəndələrinin, nüfuzlu ictimai-siyasi xadimlərin iştirak etdikləri tədbirdə müstəqilliyin bərpasının Azərbaycan üçün tarixi əhəmiyyətindən danışılıb.
Müasir Azərbaycan tarixindən danışan səfir Rəmzi Teymurov müstəqillik bərpa olunduqdan sonra ölkəmizdə qazanılan nailiyyətlər, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın keçdiyi inkişaf yolu barədə qonaqlara məlumat verib.
Diplomat müstəqilliyin ilk illərinin çox çətin şəraitdə keçdiyini, Azərbaycanın qonşu Ermənistanın işğalına məruz qaldığını, nəticədə Dağlıq Qarabağ və ətraf 7 rayonun işğal olunduğunu, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin bu günədək yerinə yetirilmədiyini diqqətə çatdırıb.
R.Teymurov 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqil dövlət kimi hərtərəfli inkişafının təməli qoyulduğunu, sabitliyin təmin olunduğunu, “Əsrin müqaviləsi”nin imzalanması ilə dağılmış iqtisadiyyatın bərpasına başlanıldığını bildirib.
Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurlardan söz açan səfir R.Teymurov Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin fəaliyyətə başlaması ilə Azərbaycanın neftinin və qazının dünya bazarına çıxarılmasının təmin edildiyini deyib. Bundan başqa, Azərbaycan qazının Avropaya nəqli istiqamətində icra olunan TANAP və TAP layihələrinin, Şərqlə Qərb arasında tranzit daşımalarında böyük rol oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyəti vurğulanıb. O, ölkəmizin kosmik klubun məhdud üzvlərindən olduğunu, Azərbaycanın 2 peykinin orbitə buraxıldığını, 3-cü peykin buraxılması istiqamətində iş aparıldığını diqqətə çatdırıb.
R.Teymurov Azərbaycanın xarici siyasətdə də böyük uğurlara imza atdığını, 2012-2013-cü illərdə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətini xüsusi vurğulayıb.
Səfir R.Teymurov Azərbaycanın öz multikulturalizm dəyərləri ilə nümunəvi ölkə kimi dəyərləndirildiyini, müxtəlif millətlərin və fərqli dinlərin nümayəndələrinin ölkəmizdə tarixən dinc, mehriban şəraitdə yaşadığını bildirib. O, Azərbaycanın son illər iri beynəlxalq tədbirlərin və idman yarışlarının keçirildiyi məkana çevrildiyini də diqqətə çatdırıb.
Tədbirdə Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlər barədə videoçarx nümayiş etdirilib, ölkəmizin uğurları barədə hazırlanan materiallar qonaqlara çatdırılıb.