SİYASƏT
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Küveyt mətbuatında məqalələr dərc edilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Küveytdə ərəb dilində yayımlanan və böyük oxucu auditoriyasına malik gündəlik “Əl-Cəridə” və “Əl-Nahar” qəzetlərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə “Azərbaycan və müstəqilliyinin 25-ci ildönümü”, “Azərbaycan səfirliyi: Müstəqilliyin 25 ili ərzində əldə olunmuş nailiyyətlər” sərlövhəli məqalələr dərc edilib.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalələrdə 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edildiyi qeyd olunub. Bu sənəddə Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müstəqilliyini bərpa etdiyi bəyan olunub. Məqalələrdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna səbəb olan problemlərlə müstəqil Azərbaycan Respublikasının da qarşılaşdığı, Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, müstəqilliyin ilk illərində yaranan ağır vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan qısa müddətdə bütün problemləri arxada qoyaraq dinamik inkişaf yoluna qədəm qoyub. Ümummilli Liderin uzaqgörən siyasəti və misilsiz xidmətlərinin nəticəsində mərkəzi dövlət hakimiyyətinin gücləndiyi, Azərbaycanda iqtisadi islahatlara start verildiyi, xarici siyasətin prioritetlərinin dəqiq müəyyən edildiyi, ölkəmizin müasir, dünyəvi dövlət kimi inkişaf etməyə başladığı bildirilib. Həmçinin ölkəmizin gələcəyi ilə bağlı strateji addımların məhz o illərdə atıldığı, beynəlxalq əlaqələrin genişləndiyi, Ermənistan ilə atəşkəs müqaviləsinin imzalanmasına nail olunduğu, ölkədə demokratikləşmə prosesinin başlandığı, “Əsrin müqaviləsi” ilə Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğu vurğulanıb.
Məqalələrdə ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiq qalan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycanın ən sürətlə inkişaf edən ölkələrdən biri olduğu xüsusi qeyd edilib. Bundan başqa, Azərbaycanda gənclər siyasəti, elm, təhsil, “qara qızıl”ın insan kapitalına çevrilməsi və s. sahələrdə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində əldə olunan nailiyyətlər barədə də ətraflı söhbət açılıb.