SİYASƏT


Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi Kuala Lumpurda təntənəli şəkildə qeyd edilib VİDEO

A+ A

Tokio, 15 noyabr, AZƏRTAC

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə ölkəmizin Malayziyadakı səfirliyində təntənəli tədbir keçirilib.

Tədbirdə Malayziyada səfərdə olan Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Aslanovun başçılıq etdiyi nümayəndə heyəti, Malayziya parlamentinin üzvləri, diplomatik korpusun nümayəndələri, ölkə ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Ölkəmizin Malayziyadakı səfiri Qaley Allahverdiyev tədbiri açaraq Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi, ötən 25 il ərzində keçdiyi sürətli inkişaf yolu, regionda və dünyada artan nüfuzu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan-Malayziya münasibətlərindən danışıb.

Müstəqilliyin bərpasının ilk illərində Azərbaycanın dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üzləşdiyini qeyd edən səfir bildirib ki, məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında həlledici rol oynayıb. Ulu Öndərin rəhbərliyi altında həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlar nəticəsində Azərbaycan dövlətçiliyinin möhkəm təməlinin qoyulduğu və ölkənin gələcək inkişafı üçün əsaslı zəmin yaradıldığı vurğulanıb. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın bütün sahələrdə inkişafa nail olduğu qeyd edilib.

Səfir Azərbaycanda mövcud olan sabit ictimai-siyasi vəziyyət, ölkənin uğurlu sosial-iqtisadi inkişafı və xarici siyasətinin nailiyyətləri barədə ətraflı məlumat verib. O, Azərbaycanın regionda və dünyada artan nüfuzundan danışaraq ölkəmizin beynəlxalq təşkilatlarda əldə etdiyi uğurlar, irimiqyaslı neft-qaz və nəqliyyat layihələrində iştirakı, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi haqqında söhbət açıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həm Azərbaycanın, həm də bütün regionun inkişafı üçün əsas maneə olduğu diqqətə çatdırılıb. Azərbaycanın münaqişənin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olduğu vurğulanıb.

Səfir Azərbaycan ilə Malayziya arasında bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın mövcud olduğunu qeyd edib. Azərbaycan-Malayziya parlamentlərarası əlaqələrinin hazırkı səviyyəsinin böyük məmnunluq doğurduğu diqqətə çatdırılıb. Azərbaycan hökumətinin Malayziyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyi vurğulanıb. Neft-qaz sektorunda səmərəli əməkdaşlığın mövcudluğu qeyd edilib.

Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Aslanov və qrupun üzvü Mirkazım Kazımov tədbirdə çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin tarixindən və ölkəmizin müstəqillik illərində qazandığı uğurlardan bəhs ediblər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun dövlət müstəqilliyimizin bərpasının 25 illiyi ilə bağlı məqaləsi və Azərbaycan haqqında nəşrlər tədbir iştirakçılarına paylanılıb.

Tədbir iştirakçılarına, həmçinin milli mətbəximizin ləziz təamları təqdim edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.