CƏMİYYƏT


Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ərəfəsində İsraildə bir sıra tədbirlər keçirilib

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi və yəhudi təqvimi üzrə Yeni İl münasibətilə İsraildə bir sıra tədbirlər keçirilib.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından (“Azİz”) AZƏRTAC-a daxil olmuş materialda qeyd edilir ki, dost Azərbaycanın həyatında əlamətdar yubiley və yəhudi təqvimi ilə 5777-ci ilin başlaması şərəfinə Akko şəhərinin bələdiyyəsi “Azİz” Beynəlxalq Assosiasiyası ilə birlikdə bayram konserti təşkil edib.

Akko şəhərinin merinin müavini Zeyev Noyman təntənəli gecəni açaraq İsrail xalqını və İsraildəki Azərbaycan icmasını hər iki bayram münasibətilə həm öz adından, həm də Akko meri Şimon Lankrinin adından təbrik edib, iki ölkə arasında dostluq əlaqələrinin daha möhkəmlənməsi arzularını bildirib.

“Azİz” Assosiasiyasının Direktorlar Şurasının üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Yeganə Salman tədbir iştirakçılarını təbrik edərək xatırladıb ki, İsrail Azərbaycanın müstəqilliyini rəsmən tanımış ilk dövlətlərdən biri olub və o vaxtdan iki dost ölkə arasında bir sıra sahələrdə sıx qarşılıqlı faydalı əlaqələr qorunub saxlanır və inkişaf edir.

Rəsmi açılış mərasimində “Azİz” Assosiasiyasının baş direktoru Lev Spivak, habelə əslən Qafqazdan olanlar üçün şəhər layihələrinin əlaqələndiricisi, Absorbsiya Nazirliyinin əməkdaşı Rauf Ağalarov da çıxış edib.

Təşkilatçıların dəvəti ilə məxsusi olaraq bu iki əlamətdar bayram münasibətilə İsrailə gəlmiş Azərbaycanın Əməkdar Artisti, müğənni Nazim Faytonçu öz azərbaycanlı dostlarını, habelə bütün İsrail xalqını onlar üçün əlamətdar olan bu iki bayram münasibətilə təbrik edib. İsraildə ilk dəfə çıxış etdiyini xatırladan məşhur müğənni Müqəddəs Diyara gəlişindən böyük məmnuniyyət duyduğunu vurğulayıb.

Rusiyalı populyar müğənni Laura Avdalimovanın çıxışı konsertdə çox xoşagələn sürpriz olub. Əslən Qafqazdan olan yəhudi mənşəli Laura Avdalimova bu iki hadisənin şəxsən ondan ötrü böyük əhəmiyyət kəsb etdiyini bildirib. İsraildə ən populyar müğənnilərdən olan Hava Dolev də konsertdə çıxış edib. Onun repertuarına populyar İsrail mahnıları ilə yanaşı Azərbaycan xalq mahnıları və bizim bəstəkarların əsərləri də daxil idi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi şərəfinə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Afula şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində də görüş keçirilib. Bu görüşdə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak, “Azİz” Assosiasiyasının Direktorlar Şurasının üzvü, “Sholumi” mərkəzinin rəhbəri Şaul Siman-Tov, habelə AMM-in direktoru Yeganə Salman çıxış edib. Qeyd edilib ki, müstəqilliyin 25 ili ərzində Azərbaycan azad, suveren, demokratik, iqtisadiyyatı intensiv inkişaf edən ölkəyə çevrilib. İndi bütün Cənubi Qafqaz regionunda ən iri iqtisadi layihələr Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz. Bundan əlavə, Azərbaycan həm regiondakı, həm də region hüdudlarından kənardakı ölkələrin əksəriyyəti ilə dostluq əlaqələrini inkişaf etdirir. Azərbaycan ən müxtəlif sahələrdə İsraillə əməkdaşlıq edən azsaylı müsəlman ölkələrindən biridir. Bu əməkdaşlıq mədəniyyət, təhsil, iqtisadiyyat, hərbi sənaye və başqa sahələri əhatə edir.

Tədbirdə çıxış edənlər bu il yayında Dünya Azərbaycanlılarının Bakıda keçirilmiş IV qurultayı barədə də danışıblar. “Azİz” Assosiasiyasının baş direktoru Lev Spivak qurultayın yüksək səviyyədə təşkil edilməsini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin qurultaydakı çıxışını xatırlayıb, İsrail nümayəndə heyətinin üzvlərinin İsraildə Azərbaycan tarixinin və mədəniyyətinin populyarlaşdırılmasında və iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan hökuməti tərəfindən təltif olunmalarını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.