SİYASƏT
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Parisdə qəbul təşkil edilib
Paris, 19 noyabr, AZƏRTAC
Parisdə Azərbaycanın Dostları Assosiasiyası və ölkəmizin Fransadakı səfirliyi dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibətilə qəbul təşkil edib.
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının üzvü Jan-Fransua Mansel dövlət müstəqilliyini bərpa etmək üçün Azərbaycanın çətin yollardan keçdiyini, bütün çətinliklərə baxmayaraq bu gün regionun ən inkişaf etmiş ölkəsinə çevrildiyini diqqətə çatdırıb. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında ümummilli lider Heydər Əliyevin böyük xidmətlərini qeyd edib, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan bu gün beynəlxalq aləmdə öz layiqli yerini tutub. Azərbaycan-Fransa əlaqələrindən danışan J.F.Mansel iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini söyləyib.
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti ölkəmizin dostu kimi bundan sonra da Fransada Azərbaycan həqiqətlərinin tanıdılması üçün bütün imkanlardan istifadə edəcəyini diqqətə çatdırıb.
Tədbir Azərbaycanın Xalq Artisti Ənvər Sadıqov və Əməkdar Artist, caz ustası Emil Əfrasiyabın ifasında konsert proqramı ilə davam edib.
Qəbulda Fransanın dövlət qurumlarının, ictimaiyyətin, eləcə də ölkədə akkreditə olunmuş bir sıra səfirliklərin nümayəndələri iştirak ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris