SİYASƏT
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan simpozium keçirilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin və Türkiyənin Mərmərə Universiteti fənn-ədəbiyyat fakültəsi tarix bölümünün birgə təşkilatçılığı ilə “Dövlət müstəqilliyinin 25-ci ilində Azərbaycan: uğurlar və inkişaf perspektivləri” mövzusunda simpozium keçirilib.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yollarından, qazanılan uğurlardan danışıb.
H.Cabbarlı ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlara üzv olduğunu xatırladıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanov ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və dünyada tanınmasında misilsiz tarixi xidmətlərini vurğulayıb.
Ulu öndər Heydər Əliyev siyasətinin əhəmiyyətindən danışan T.Qurbanov dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini, respublikamızın çox sürətlə inkişaf etdiyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan T.Qurbanov qəsbkar ermənilərin işğalçılıq siyasəti apardıqlarını söyləyib. O, düşmən tərəfindən zəbt olunmuş torpaqlarımızın Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad olunacağına əminliyini bildirib.
Milli Məclisin deputatı Musa Qasımlı müasir müstəqil ölkəmizin dünyada nüfuzunun yüksəldiyini diqqətə çatdırıb, Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi”, “Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri”, “Azərbaycanın bölgə siyasəti: nailiyyətlər və hədəflər” və digər mövzularda məruzələr dinlənilib.