CƏMİYYƏT
Azərbaycanın dövlət qurumlarının nümayəndələri “Çinin inkişaf təcrübəsi” seminarında iştirak ediblər
Pekin, 27 iyul, AZƏRTAC
Azərbaycanın dövlət qurumlarının nümayəndələri iyulun 6-dan 26-dək Çin Xalq Respublikasında “Çinin inkişaf təcrübəsi” adlı seminarda iştirak ediblər.
Çin Kommersiya Nazirliyinin təşkil etdiyi seminar inkişaf etməkdə olan ölkələrin Çinin inkişaf təcrübəsi haqqında məlumatlandırılması və ölkələr üzrə qabaqcıl təcrübələrin müzakirəsi məqsədi daşıyıb. Bundan başqa, qədim İpək Yolu üzərində yerləşən ölkələrin iqtisadi əlaqələrinin genişlənməsi mövzularında fikir mübadiləsi aparılıb.
Ümumilikdə 14 ölkəni təmsil edən seminar iştirakçıları arasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Azərsu” ASC-nin və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları olublar.
Seminar çərçivəsində iştirakçılar paytaxt Pekinlə yanaşı, Sian və Çendu şəhərlərində də olublar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin