CƏMİYYƏT
Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 35 nəfər saxlanılıb VİDEO
Bakı, 11 noyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin oktyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində dövlət sərhədini pozduqları üçün 34 halda 35 nəfər saxlanılıb. Onların 27-si Azərbaycan, 3-ü Nigeriya, 2-si İran, hər ölkədən 1 nəfər olmaqla Türkiyə, Kamerun və Kot-d’İvuar vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 2 halda iki nəfər, Xəzər dənizində 14 halda 26 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 328 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 6 kiloqram 476,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Oktyabrın 18-də Astara rayonunun Kələdəhnə kəndi ərazisindəki sahil nəzarət məntəqəsinin xidməti sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sahildən 8,3 mil məsafədə balıq ovunda istifadə olunan buyun lövbər ipinə bərkidilmiş 2 bağlamada 2 kiloqram tiryək və 1 kiloqram 375 qram heroin aşkar olunaraq götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 44 halda ümumi dəyəri təqribən 245 min manat olan qaçaqmal, o cümlədən 1662 Azərbaycan manatı, 1380 ABŞ dolları, 900 ədəd pirotexniki maddə, 1 tüfəng, bir pnevmatik tapança, 1 ədəd motosiklet, 7 qayıq, 2146 qutu siqaret, 269 ədəd mobil telefon, 30 baş iribuynuzlu mal, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.