CƏMİYYƏT
Azərbaycanın dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir VİDEO
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhəd pozucularının 24-ü Azərbaycan, 9-u Əfqanıstan, 8-i Özbəkistan, 3-ü Moldova, 2-si İran, ikisi Ukrayna, 1-i Gürcüstan, biri İspaniya vətəndaşı olub.
Sərhədboyu rejim qaydalarını pozduqlarına görə 11 halda 14 nəfər, Xəzər dənizində isə 9 halda 11 nəfər inzibati məsuliyyətə cəlb edilib.
Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 231 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 12 halda, ümumilikdə, 12 kiloqram 615,8 qram narkotik maddənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Həmçinin sentyabrın 3-də Cəlilabad rayonu ərazisində “Ələt-Astara” magistral yolunun 136-cı kilometrliyində gizlədilmiş halda 1 kiloqram marixuana aşkar olunub. Sentyabrın 12-də əməliyyat məlumatı əsasında Biləsuvar rayonu ərazisində avtomobil yolunun kənarında axtarış apararaq gizlədilmiş bir ədəd bağlamanı götürmüş Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü İsmayılov Mahir Arif oğlu, Sumqayıt şəhər sakini, 1971-ci il təvəllüdlü Hüseynov İlham Sahib oğlu saxlanılıblar. Bağlamada 3 kiloqram tiryək, 300 qram kokos, 70 qram “Metadon” suyu, 9 “Metadon” həbi aşkar olunub. Sentyabrın 20-də Füzuli rayonunun Böyük Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 190 qram heroini qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən qanunsuz olaraq keçirmiş İran vətəndaşı Rövşən Çeşm Bəhmən Mirəli saxlanılıb. Həmin ayın 22-də Biləsuvar rayonunun Biləsuvar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2,3 kiloqram tiryək, 200 qram heroini qaçaqmal qismində qanunsuz olaraq Azərbaycana keçirmiş İran vətəndaşı Həmami Məhəmməd Güləhməd saxlanılıb. Sentyabrın 23-də Biləsuvar rayonunda Biləsuvar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 kiloqram tiryək, 2 kiloqram həşiş, 200 qram marixuana və 120 qram heroini qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmiş Culfa rayon sakini Həsənov Mehman Mehbalı oğlu tutulub.
Bütün cinayət faktları üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət sərhədinin buraxılış məntəqələrində gömrük əməkdaşları ilə birlikdə dövlət sərhədindən keçən şəxslər üzərində keçirilən baxışlar zamanı 7 halda narkotik vasitə aşkar olunub. Ay ərzində “Biləsuvar” sərhəd nəzarət məntəqəsində 4 halda 395 qram tiryəkin, “Astara” sərhəd nəzarət məntəqəsində 1 halda 95 konbalut “Metadon” həbinin qanunsuz olaraq dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. “Samur” sərhəd nəzarət məntəqəsində ölkəyə daxil olan nəqliyyat vasitələrində 2 halda cəmi 800 qram marixuana aşkar olunub.
Sentyabr ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində 39 halda ümumi dəyəri 231 min manat olan qaçaqmal, o cümlədən 888 ədəd Rusiya istehsalı olan səsyazma cihazı, 172 ədəd yanğın təhlükəsizlik cihazı, 1 planşet, 1708 ədəd ətir, 5 mobil telefon, 382 şüşə müxtəlif markalı içkilər, 1000 ədəd spirtli içkilər üçün aksiz marka, 237 ədəd qapaq, 5113 ədəd müxtəlif markalı siqaret, 200 kiloqram bal, 8299 ədəd pirotexniki vasitə, 2 qayıq, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.