REGİONLAR


Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar var

Mingəçevir, 10 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Hazırda ölkəmizdə 530 otel fəaliyyət göstərir. Ötən il Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min nəfər olub ki, bu da 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi, Mingəçevir Turizm Kollecinin təşkilatçılığı ilə keçirilən “Regional turizm: mövcud vəziyyət və inkişaf tendensiyaları” mövzusunda elmi-nəzəri konfransda səsləndirilib.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Mingəçevir, Qəbələ və Bərdə Turizm İnformasiya mərkəzlərinin, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsul işçiləri, bölgədə fəaliyyət göstərən otellərin rəhbəri iştirak edib.

Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov çıxış edərək Azərbaycanın turizm potensialı, turizm bazarı, perspektivlər və turizm sahəsi üçün peşəkar kadr hazırlığı barədə ətraflı məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən turizm sahəsinin prioritet elan edilməsi yeni perspektivlərə yol açıb. Hazırda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair strateji yol xəritəsi icra edilməkdədir. Bu gün keçirilən konfrans da onun icra prosesinə kömək məqsədi daşıyır.

Ə.Əyyubov qeyd edib ki, turizm dünya iqtisadiyyatında ən gəlirli sahələrdən biridir. Ona görə də Azərbaycanda bu sahənin inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub. Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyev Mingəçevirin turizm şəhərinə çevrildiyini, hər il minlərlə yerli və xarici qonağın bura səfər etdiyini bildirib.

Sonra turizm sahəsi üzrə mütəxəssislər məruzələrlə çıxış ediblər. Tədbirdə turizmin daha da inkişaf etdirilməsi üçün müzakirələr aparılıb, maraqlı təkliflər səsləndirilib.

Konfrans kollecin tələbələri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.