MƏDƏNİYYƏT
Azərbaycanın ədəbiyyat və milli mətbəx paytaxtları seçilib
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini və şüurunu formalaşdıran əsas mənbələrdən biri olmaqla xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən unikal bəşəri fenomendir. Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verilib.
Göstərilənlərdən əlavə, Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən həyata keçirilən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramının bölgələrə verdiyi müsbət töhfələri nəzərə alaraq görülən işlərin yeni formada davam etdirilməsi məqsədilə yeni “Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri “Azərbaycanın Ədəbiyyat Paytaxtı” və Qax şəhəri “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilib.
Bu münasibətlə martın 4-də Azərbaycan Xalça Muzeyində 2015-ci il üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçiriləcək.
Şamaxı və Qax rayonlarında il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, “dəyirmi masa”, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulub.