İQTİSADİYYAT
Azərbaycanın elektroenergetika sisteminin generasiya gücü 7 min 149 meqavata çatdırılıb
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycanın elektroenergetika sisteminin generasiya gücü 7 min 149 meqavata çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc edilən məqaləsində məlumat verilir.
Bildirilir ki, “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” çərçivəsində son 10 il ərzində ölkədə 2 min 310 meqavata yaxın qənaətcil, son elmi-texniki nailiyyətlərə cavab verən qabaqcıl texnologiyalar əsasında yeni elektrik stansiyaları (ES) işə salınıb, ümumi gücü 856,8 meqavat olan 7 modul tipli elektrik stansiyası, gücü 525 meqavat olan “Sumqayıt” istilik elektrik stansiyası (İES), 780 meqavat gücündə qaz-turbin tipli “Cənub” ES, ümumi gücü 146,5 meqavat olan 12 su elektrik stansiyası (SES) istismara verilib. Hazırda Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsünün yaradılması istiqamətində işlər görülür və ölkənin istehsal etdiyi elektrik enerjisinin ixracı baxımından bu layihə böyük perspektivlərə malikdir.
Yazıda qeyd edilir ki, hazırda Energetika Nazirliyi tərəfindən ölkələr arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə aidiyyəti qanunvericilik aktlarının layihələri, o cümlədən, Azərbaycan ilə Türkiyə, Pakistan, İndoneziya, Əlcəzair, Bəhreyn, Oman, Gürcüstan, Türkmənistan arasında enerji sahəsində əməkdaşlığın gələcək inkişafını nəzərdə tutan anlaşma memorandumu layihələri işlənib hazırlanır.