REGİONLAR
Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır
Masallı, 13 iyul, Bağır Əliyev, AZƏRTAC
Azərbaycanın ən yeni tarixi başlanğıcı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə Masallıdakı Viləşçay Su Anbarı İstismarı İdarəsində keçirilən tədbirdə səsləndirilib.
Toplantıda çıxış edən idarənin rəisi Mahir Əliyev bildirib ki, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əlirza oğlu Əliyevin respublika rəhbəri seçilməsi ilə ölkəmizin tarixində yeni mərhələ başlandı. Dahi şəxsiyyət istər 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, istər 1983-1987-ci illərdə SSRİ rəhbərliyində çalışdığı zaman, istərsə də Azərbaycana rəhbərlikdən kənarda olduğu 1988-1993-cü illərdə və 1993-cü ildə ölkə rəhbərliyinə qayıtdıqdan sonra daim xalqı ilə bir olub, bütün siyasi qərarlarında xalqına arxalanıb. Bu gün tədbirin keçirildiyi Viləşçay Su Anbarı da məhz Ulu Öndərin təşəbbüsü ilə inşa olunub.
Bildirilib ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda partiya, dövlət, təsərrüfat idarəçiliyinə yeni nəfəs, yeni iş metodu, ciddiyyət gətirildi. Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə siyasi hakimiyyət ətrafında sıx birləşərək müstəqil dövlət quruculuğu üçün lazım olan daxili və beynəlxalq şərtləri ümumi sovet sistemində tədricən hazırlamağa və tarixən qarşısında duran ümummilli problemləri həll etməyə başladı. Heydər Əliyev rəhbərliyi ilə qısa müddətdə Azərbaycanda idarəçilik sistemi təkmilləşdirildi və milli kadrlarla möhkəmləndirildi.
Tədbirdə çıxış edənlər 48 il əvvəl Ümummilli Liderin Azərbaycanda iqtisadiyyatın, sosial həyatın, elmin, mədəniyyətin inkişafı, ordu quruculuğu, əhalinin həyat şəraitinin yaxşılaşdırılması sahəsində gördüyü işlərdən danışıblar. Çıxışlarda Ümummilli Liderin uzaqgörən siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun olaraq daha da inkişaf etdirildiyi və uğurla həyata keçirildiyi diqqətə çatdırılıb.