İQTİSADİYYAT
Azərbaycanın energetika naziri İstanbulda keçiriləcək “G20 energetika nazirlərinin görüşü”ndə iştirak edəcək
Bakı, 22 sentyabr, AZƏRTAC
Dünyanın 20 ölkəsini birləşdirən G20 qrupuna Türkiyənin sədrliyi çərçivəsində İstanbulda keçiriləcək “G20 energetika nazirlərinin görüşü”ndə iştirak etmək üçün Azərbaycanın energetika naziri Natiq Əliyev oktyabrın 1-də İstanbula gedəcək.
Energetika Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “G20 energetika nazirlərinin görüşü”ndə enerjiyə əlçatanlıq, mövcud bazar şərtləri ilə enerjiyə sərmayə qoyuluşu, enerji səmərəliliyi və bərpa olunan enerji məsələləri müzakirə ediləcək. Bundan başqa, görüş zamanı G20 Enerji Əməkdaşlığının Prinsipləri də qiymətləndiriləcək.
Türkiyə G20 qrupuna ötən il dekabrın 1-dən sədrlik edir və bu müddət cari il noyabrın 30-dək davam edəcək. Türkiyənin sədrliyi dövründə dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə toplantısında, habelə müxtəlif səpkili toplantılarda Azərbaycan xüsusi dəvətli qonaq statusunda iştiraka dəvət alıb. Dünya iqtisadiyyatının 90 faizini, dünya ticarətinin 80 faizini və dünya əhalisinin üçdə ikisini təmsil edən G20 qrupu inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları eyni platformada bir araya gətirir. Onun gündəliyi qlobal inkişaf, enerji səmərəliliyi, iqlim dəyişikliyi, yoxsulluğun aradan qaldırılması, ticarət, məşğulluq, qida təhlükəsizliyi və digər sahələri əhatə edir.