İQTİSADİYYAT
Azərbaycanın energetika naziri XXIII Dünya Enerji Konqresində iştirak edəcək
Bakı, 7 oktyabr, AZƏRTAC
Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakın dəvəti ilə Azərbaycanın energetika naziri Natiq Əliyev oktyabrın 9-13-də İstanbulda keçiriləcək XXIII Dünya Enerji Konqresində iştirak edəcək.
Bu barədə AZƏRTAC-a Energetika Nazirliyindən məlumat verilib.
B.Albayrak tərəfindən ünvanlanan məktubda deyilir: “Geostrateji baxımdan fərqli ölkələri birləşdirən Türkiyənin əsas hədəflərindən biri enerji mərkəzinə çevrilməkdir. İstanbul qlobal enerji məsələlərinin müzakirəsi və dünya miqyaslı enerji liderlərinə ev sahibliyi etməsi üçün də uyğun bir məkandır. Konqresə qatılaraq fikirlərinizi türk və beynəlxalq ictimaiyyətlə bölüşməyiniz bizi şərəfləndirəcək”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, bu ölkənin enerji və təbii sərvətlər naziri Berat Albayrakın ev sahibliyi və 80 ölkədən 266 nümayəndənin iştirakı ilə baş tutacaq konqres çərçivəsində 60 iclas keçiriləcək.
Konqres çərçivəsində Natiq Əliyevin Balkan ölkələrinin energetika nazirləri ilə də görüşü nəzərdə tutulur. Türkiyə, İtaliya, Yunanıstan, Albaniyanın energetika nazirləri ilə planlaşdırılan görüşdə “Cənub Qaz Dəhlizi”nin icra vəziyyəti və layihənin vaxtında yekunlaşdırılmasını zəruri edən məsələlərlə əlaqədar fikir mübadiləsi aparılacaq.
1924-cü ildən bəri hər 3 ildən bir təşkil olunan Dünya Enerji Konqresi bu dəfə Türkiyədə “Yeni sərhədlərə çıxış” mövzusunda keçiriləcək.