DÜNYA
Azərbaycanın əsas tənqidçisi azad mətbuatın təqib olunması məsələsində özünü qalmaqala salıb
Berlin, 3 avqust, AZƏRTAC
AFR-in Konstitusiyanın Qorunması üzrə Federal İdarəsinin başçısı Hans-Georq Maasen jurnalistləri təqib etməkdə ittiham olunan ölkə iqtidarının özünü saldığı sıxıntılı vəziyyətdən qurtarması üçün ümidsiz cəhd göstərib.
H.G.Maasenin “Bild am Sonntag” qəzetinin 2 avqust tarixli nömrəsinə müsahibəsində “Başçılıq etdiyim idarənin terrorizm və ekstremizmə qarşı fəaliyyətinin təhlükəsizliyini təmin etmək üçün idarənin məxfi və gizli sayılan sənədlərinin açıqlanması əleyhinə hüquqi addımlar atmaq lazım idi” bəyanatı inandırıcı səslənməyib. Onun sözlərinə görə, konstitusiyanı qoruyan idarə naməlum şəxslər barəsində 2015-ci ilin baharında hazırlanan cinayətlər haqqında istintaq orqanlarına ərizə ilə müraciət edib. Simasını xilas etməyə çalışan H.G.Maasen deyib: “Qalan hər şey ədalət mühakiməsinin işidir”.
Xatırladaq ki, “Netzpolitik.org” nəşrinin jurnalistləri Markus Bekedal və Andre Mayster Almaniya Federal Prokurorluğunun Konstitusiyanın Qorunması üzrə Federal İdarənin ərizəsi əsasında onlara qarşı guya “dövlət sirrinin açıqlanması” şübhəsi ilə təhqiqata başlaması barədə bir neçə gün əvvəl rəsmi bildiriş alıblar. Bu addımı atmağa Konstitusiyanı qoruyan idarənin internet və sosial şəbəkələr üzərində nəzarətə yönələn planları barədə iki materialın saytda yerləşdirilməsi səbəb olub. “Sübut” kimi idarənin məxfi sənədləri açıqlanıb.
Buna baxmayaraq, ölkədə qalmaqal güclənir. Almaniyalı jurnalistlər AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətlərində təəssüflə bildiriblər ki, onların özünü “azad mətbuatın ilk cığıraçanı” kimi göstərən və Azərbaycana qarşı beynəlxalq isteriya kampaniyasına başçılıq edən ölkəsi gözlənilmədən özü qalmaqalın ortasına düşüb və gənc müstəqil dövlətlərə əxlaq dərsi keçmək haqqını mənəvi cəhətdən itirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin