CƏMİYYƏT
Azərbaycanın fəlakət riskinin azaldılması sahəsindəki təcrübəsi digər ölkələr üçün də yararlı ola bilər
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da Qəbələ rayonunda fəlakət riskinin təhlilinə dair yekun hesabatın təqdimatı olub. Hesabat Fövqəladə Hallar Nazirliyi (FHN) və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.
AZƏRTAC xəbər verir ki, hesabatın təqdimatında çıxış edən UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilikadze nazirliyin fəlakət riskinin azaldılması sahəsində apardığı işləri yüksək qiymətləndirib. Qeyd olunub ki, Azərbaycanın bu sahədəki təcrübəsi digər ölkələr üçün də yararlı ola bilər.
Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə məlumat verib ki, layihənin Qəbələdə həyata keçirilməsi təsadüfi deyil. Çünki bu rayon seysmik aktiv zonada yerləşir və ölkəmizin turizm mərkəzlərindən biridir. Müxtəlif layihələrin reallaşdırılmasında FHN-nin beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini deyən Faiq Tağızadə bu istiqamətdə səmərəli əməkdaşlıq və təcrübə mübadiləsi aparıldığını, bir sıra konfrans, seminarlar təşkil olunduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, layihənin əsas məqsədi fəlakət riskinin azaldılması komponentlərinin təhsil proqramlarına daxil edilməsi və fəlakətlərə hazırlıq istiqamətində milli potensialın gücləndirilməsinə dəstək verməkdir. Bu il Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və UNICEF tərəfindən “Təhsil sahəsində əməkdaşlıq” layihəsi çərçivəsində 2014-2017-ci illəri əhatə edən fəaliyyət planı hazırlanıb. Layihə üzrə Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Samux, Goranboy, Şəmkir və Tovuz rayonlarında məktəblilər arasında maariflənmə tədbirləri keçiriləcək.
Sonra Qəbələ rayonunda fəlakət riskinin təhlilinə dair yekun hesabat təqdim olunub.