CƏMİYYƏT
“Azərbaycanın gənc dostları” İctimai Birliyinin həmsədrləri ilə görüş keçirilib
Bakı, 29 avqust, Günel Məlikova, AZƏRTAC
Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Azərbaycanın gənc dostları” İctimai Birliyinin həmsədrləri Salomeya Lukaite və Dimitrious Asproulis gənclərlə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov görüşdə “Azərbaycanın gənc dostları” İctimai Birliyinin mahiyyətindən söz açıb. Bildirilib ki, Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən 2016-cı il iyulun 18-dən 27-dək 16 ölkədən 50-dən çox tələbənin iştirakı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” Beynəlxalq Multikulturalizm Yay Məktəbi keçirilib. Həmin vaxt Yay Məktəbinin iştirakçıları - Litvadan olan tələbə Salomeya Lukaite və Yunanıstandan Dimitrios Asproulisin təşəbbüsü ilə “Azərbaycanın gənc dostları” İctimai Birliyi yaradılıb.
Bu gün gənclər arasında əməkdaşlığın, dostluğun möhkəmlənməsi istiqamətində əldə olunmuş razılaşma ölkələr arasında gələcək əlaqələrin təməlidir” deyə vurğulayıb.
Sonra xarici tələbələr Azərbaycan haqda təəssüratlarını bölüşüblər. Onlar Azərbaycanda tolerantlıq, multikulturalizm və qardaşlığın həyat tərzi olduğunu gördüklərini qeyd ediblər. Bu təcrübəni əvvəlcə vətənlərində, sonra isə digər ölkələrdə paylaşacaqlarını və bunun digər ölkələrdə də tətbiq olunması istiqamətində əllərindən gələn köməyi göstərəcəklərini bildiriblər. Qonaqlar bu formatın tələbə mübadiləsi və digər əlaqədar fəaliyyətlərə yol açacağına da əminliklərini vurğulayıblar.
Sonra yeni qurumun gələcək fəaliyyəti istiqamətində gənclərin təklifləri dinlənilib, mövzu ilə bağlı suallar cavablandırılıb.