SİYASƏT
Azərbaycanın gənclər siyasəti modeli əcnəbi gənc liderlər arasında təbliğ olunacaq
Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ölkə gənclərinin inteqrasiyası, beynəlxalq əlaqələrinin genişləndirilməsi, əcnəbi gənclərin ölkəmiz, onun uğurlu gənclər siyasəti modeli haqqında məlumat səviyyələrinin yüksəldilməsi, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə, informasiya mübadiləsi istiqamətində silsilə fəaliyyətini davam etdirməkdədir.
ADTGT-dan AZƏRTAC-a bildiriblər ki, “Gənclər Siyasətinin Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumu adlı maariflənməni, təcrübə-informasiya mübadiləsini və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan layihə 2015-ci ilin sentyabrın 1-dən başlayaraq üç ay müddətində davam edəcək.
Layihə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hədəf, istiqamət, nəticə və davamlılığı, digər ölkələrə nümunə ola biləcək Azərbaycanın gənclər siyasətini bir model olaraq beynəlxalq arenada təbliğini, geniş sferada öyrənilməsini, təcrübə mübadiləsini və bu sahədə əməkdaşlıq və tərəfdaşlıq imkanlarını nəzərdə tutur.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən Beynəlxalq Gənclər Forumu “Gənclərin fəal sosial iştirakçılığına nail olaq” devizi altında keçiriləcək. Bu il noyabrın 12–18–də “Azərbaycanın 2015-ci il Gənclər Paytaxtı” seçilən İsmayıllı şəhərində təşkil olunacaq Forumda İspaniya, Sloveniya, Çex Respublikası, Polşa, Rumıniya, Bolqarıstan, Latviya, Türkiyə, Serbiya, Bosniya və Herseqovina, Ukrayna və Gürcüstandan 24 fəal gəncin iştirakı nəzərdə tutulur.
Forumun proqramına plenar iclasla yanaşı, 4 panel müzakirəsi, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə və informasiya mübadiləsi şəbəkəsinin qurulması, İsmayıllı Bəyannaməsinin qəbulu, kitab çapı və yayımı daxildir.
Gündəlikdə 12 ölkədən olan gənc liderlərin Gənclər və İdman Nazirliyində, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunda, Gənclər Təşkilatları Milli Şurasında görüşlərinin keçirilməsi də nəzərdə tutulur.
Layihə Azərbaycanın gənclər siyasəti modelinin əcnəbi gənclərə təbliği ilə yanaşı, bu sahədə birgə gənclər əməkdaşlığı təşəbbüsü, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının və “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın müvafiq tədbirlər planında nəzərdə tutulan fəaliyyətlərə yönəlməsi baxımından da əhəmiyyətlidir.