İDMAN


Azərbaycanın gənclər və idman naziri Kazanda beynəlxalq konfransda iştirak edir

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 14-də Kazanda UNESCO-nun təşkilatçılığı ilə bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli məmurların növbəti beynəlxalq konfransı (MİNEPS VI) işə başlayıb. İki gün davam edəcək konfransda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransın məqsədi idmanla bağlı beynəlxalq tendensiyaların qiymətləndirilməsi, bədən tərbiyəsi və idman sahəsində beynəlxalq strategiyalar üçün mexanizmlərin hazırlanmasıdır. Bu mexanizmlər idman siyasətinin reallaşmasına məsul dövlət orqanları və idman təşkilatları üçün əsas istiqamət rolunu oynayacaq. Tədbirdə, həmçinin Kazan bəyannaməsinin müzakirə olunub qəbul edilməsi də planlaşdırılır.

Konfransda UNESCO-ya üzv 196 ölkənin bədən tərbiyəsi və idman sahəsinə məsul qurumlarının rəhbərlərinin və nazirlərinin, həmçinin dövlət, beynəlxalq, qeyri-hökumət və elmi idman təşkilatlarının nümayəndələrinin və ekspertlərinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində nazir A.Rəhimovun çıxışı nəzərdə tutulub. A.Rəhimov çıxışında hər bir şəxsin, istər təhsil, istərsə də digər sahələrdə cəmiyyətdə inkişafında, sağlam nəslin formalaşmasında idmanın müstəsna rolu, eləcə də Azərbaycanın idman uğurları və hazırda bu istiqamətdə görülən işlər, Bakının ilk Avropa Oyunları, Formula-1 yarışı, IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etməsi, həmin turnirlər zamanı Azərbaycana turist axını, ölkəmizdə möhtəşəm idman qurğuları və həyata keçirilməsi nəzərdə tutulan iri layihələr barədə məlumat verəcək.

Ümumilikdə konfransda üç əsas mövzuda panel müzakirələrinin təşkili nəzərdə tutulub. “Hamının idmanla məşğul ola bilməsi üçün hərtərəfli yanaşmanın işlənib hazırlanması” mövzusundakı panel iclasında dövlət idman strategiyası və planları, hökumət orqanları ilə maraqlı tərəflər arasında əməkdaşlıq, gender bərabərliyi, diskriminasiya və keyfiyyətli bədən tərbiyəsi ilə bağlı müzakirələr aparılacaq. “İdmanın davamlı inkişafa və sülhə dəstəyinin artırılması” mövzusunda keçiriləcək ikinci panel iclasda fiziki fəallıq və sağlamlıq, sosial inteqrasiya, vətəndaş tərbiyəsi və dəyərlərin təşviqi, gənclərin hüquq və imkanlarının artırılması, milli və ənənəvi idman oyunları, münaqişə vəziyyətlərində idman, idmanın ekologiya, iqlim dəyişikliklərinə və iqtisadiyyatın inkişafına təsiri məsələləri ətrafında müzakirələr aparılacaq. Sonuncu - “İdmanın təmizliyinin qorunması” mövzusunda təşkil olunacaq üçüncü panel iclasda isə idman təşkilatlarının səmərəli idarə olunması, yarışların manipulyasiyası, dopinqlə mübarizə, iştirakçıların, tamaşaçıların, uşaqların müdafiəsi məsələləri nəzərdən keçiriləcək.

Beynəlxalq konfrans UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsi, Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Paralimpiya Komitəsi, “Hər kəs üçün idman” Beynəlxalq Assosiasiyası, Bədən Tərbiyəsi və İdman Beynəlxalq Şurası, Rusiyanın İdman Nazirliyi ilə birgə təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.