MƏDƏNİYYƏT


“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Səməd Vurğuna həsr edilmiş biblioqrafiya təqdim olunub

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Səməd Vurğun. Biblioqrafiya” kitabının və “Azərbaycanın Xalq Şairi Səməd Vurğun” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib edilib.

Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək bildirib ki, “Səməd Vurğun” adlı biblioqrafik göstərici xalqımızın unudulmaz şairinin anadan olmasının 110 illik yubileyinə ithaf edilib. Direktor Səməd Vurğunun yaradıcılığından, zəngin irsindən, əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə olunmasından, tərcümə etdiyi əsərlərdən, onun bütün yaradıcılığını əks etdirən fundamental biblioqrafiyadan danışıb. Bildirib ki, vəsait geniş oxucu kütləsi üçün tərtib edilib.

Kitaba yazılmış “Ön söz”ün müəllifi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov qeyd edib ki, biblioqrafiyada Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq Şairi Səməd Vurğunun əsərləri, həyatı, yaradıcılığı və ictimai-siyasi fəaliyyəti haqqında zəngin məlumat toplanıb. Vəsaitdə şairin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də öz əksini tapıb.

Nizami Cəfərov Xalq Şairi haqqında ilk biblioqrafik göstəricinin 1965-ci ildə Nazim Axundov tərəfindən tərtib edildiyini diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Milli Kitabxanası tərəfindən tamamilə yenidən tərtib olunan, daha da təkmilləşdirilən bu biblioqrafik göstərici şairin ədəbi və ictimai fəaliyyətini tam şəkildə əks etdirir və 1924-2016-cı illərdə dərc olunan materialları əhatə edir.

Tədbirdə çıxış edən filologiya elmləri doktoru Şirindil Alışanlı, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin rəhbəri Ənvər Əhməd, filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov, filologiya elmləri doktoru Adilxan Bayramov, publisist Şəmistan Nəzirli, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy biblioqrafiyanın uzun axtarışların və gərgin əməyin bəhrəsi olduğunu, Səməd Vurğunun irsini, onun ədəbi-bədii fəaliyyətini öyrənməkdə elmi işçilərə, mütəxəssislərə böyük kömək göstərəcəyini söyləyiblər, bu vəsaitin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

Sonra kitabxananın elektron resursların yaradılması şöbəsinin müdiri Rübabə Səfərova “Azərbaycanın Xalq Şairi Səməd Vurğun” elektron məlumat bazasını tədbir iştirakçılarına təqdim edərək, baza haqqında ətraflı məlumat verib. Bazada şairin həyat və yaradıcılığı, görkəmli şəxslərin Səməd Vurğun haqqında söylədikləri, sözlərinə yazılmış mahnılar, əsərləri, fotoları və s. haqqında zəngin məlumatların toplandığını bildirib.

Sonda tədbir iştirakçıları görkəmli şairin həyat və yaradıcılığını özündə əks etdirən “Səməd Vurğun-110” adlı sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.