SİYASƏT


Azərbaycanın gündən-günə inkişaf edən və müasirləşən şimal qapısı - Xaçmaz FOTOREPORTAJ

Xaçmaz, 15 dekabr, Elxan Yusifli, AZƏRTAC

Müstəqilliyimizin 25 ili ərzində respublikamızın hər yerində olduğu kimi, ölkəmizin şimal qapısı sayılan Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş verib. Azərbaycanın bölgələrinin, o cümlədən Xaçmaz rayonunun tərəqqiyə qovuşmasının əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bölgələrdə həyat səviyyəsinin daha da yaxşılaşmasında mühüm rol oynayıb.

Xaçmaz rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq, ölkəmizdə ən böyük aqroparklardan biri Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb. 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsinə uyğun olaraq 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbar və saatda 30 ton taxıl qurudan qurğu quraşdırılıb.

Regionda sahibkarlığın inkişafında Xaçmaz şəhərində yaradılan Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi də mühüm rol oynayır. Mərkəzdə rayonun sosial-iqtisadi inkişafı üçün regionun mövcud potensialından səmərəli istifadə etməklə prioritet istiqamətlər üzrə təkliflər hazırlanır, rayon üzrə biznesin inkişafı, sahibkarlıq subyektləri arasında əlaqələrin və işgüzar əməkdaşlığın gücləndirilməsi üçün müntəzəm iş aparılır.

Prezident İlham Əliyevin açılışını etdiyi Qafqaz konserv zavodu ölkənin ən iri istehsal müəssisələrindən biridir. 2006-cı ildə istifadəyə verilmiş 90 meqavat gücə malik Xaçmaz Modul Elektrik Stansiyası təkcə bu rayonun deyil, bölgənin elektrik enerjisinə olan tələbatının ödənilməsində böyük rol oynayır. Rayonun digər mühüm sənaye obyektlərindən biri yenidən qurulan və 2013-cü ildə istifadəyə verilən kondensator zavodudur. Burada müxtəlif çeşidli hərbi və mülki məhsullar istehsal olunur.

Ötən 25 ildə Xaçmaz şəhəri simasını tamamilə dəyişərək parklar və muzeylər şəhərinə çevrilib. Rayonda ümumi sahəsi 20 hektara yaxın olan 7 park salınıb. Parkların 5-i Xaçmaz şəhərində, digərləri isə Xudat şəhəri və Yalama qəsəbəsində yaradılıb.

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın əksər rayonlarında olduğu kimi, Xaçmazda da müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi istifadəyə verilib. Kompleksə 1020 tamaşaçı yeri olan stadion, mini futbol, basketbol meydançaları daxildir. Azərbaycanda Skate Park ilk dəfə məhz Xaçmaz Olimpiya İdman Kompleksində fəaliyyətə başlayıb.

Müstəqillik illərində rayonun avtomobil yollarının bir çoxu yenidən qurulub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yalama-Xanoba, Xudat-Yalama-Zuxuloba avtomobil yollarının tikintisi həyata keçirilib. Beləliklə, 34 min nəfər əhalisi olan 20 yaşayış məntəqəsinin yol problemi həllini tapıb. Bundan əlavə, 6 min əhalinin yaşadığı 9 kəndi rayon mərkəzi ilə birləşdirən, 10 kilometr uzunluğundakı Mollabürhan-Qımılqışlaq avtomobil yolu əsaslı təmir olunub. Xaçmaz-Gəndov avtomobil yolunun 11 kilometrlik hissəsi yenidən qurularaq istifadəyə verilib. Şəhərdə müasir avtovağzal binası tikilib.

Son illərdə rayonda 39 yeni məktəb binası inşa olunub, bir sıra məktəb binaları əsaslı təmir edilib. Yeni təhsil ocaqlarının 6-sı Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşan “Yeniləşən Azərbaycan yeni məktəb” layihəsi çərçivəsində inşa edilib.

Ölkəmizə gələn turistlərin daha çox üz tutduğu, Xəzər dənizi və sıx meşəliklərlə əhatə olunmuş Nabran istirahət zonası Xaçmaz rayonunun ərazisində yerləşir. Burada 20-yə yaxın mehmanxana və istirahət mərkəzi yaradılıb. Gələcəkdə Nabranda turizmin inkişafı üçün dövlət səviyyəsində irimiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“Mən Xaçmaz rayonunun timsalında bu gün Azərbaycanda apardığımız siyasətin nəticələrini görürəm” - Prezident İlham Əliyevin Xaçmaza səfəri zamanı dediyi bu sözləri rayon sakinləri görülən işlərə verilən böyük qiymət hesab edirlər. Bu, eyni zamanda, Xaçmazın gələcək inkişafından, daha böyük layihələrin həyata keçiriləcəyindən xəbər verir.

AZƏRTAC gündən-günə inkişaf edən Xaçmazın müasir simasını əks etdirən fotoreportajı təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.