CƏMİYYƏT
Azərbaycanın hərb tarixi üzrə xüsusi təyinatlı ali təhsil müəssisələri üçün proqram hazırlanıb
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycanın hərb tarixi üzrə xüsusi təyinatlı ali təhsil müəssisələri üçün proqram çapdan çıxıb. Azərbaycan və rus dillərində hazırlanan proqram Silahli Qüvvələrin Hərbi Akademiyasının Elmi Şurasının qərarı ilə təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, proqramın tərtibçisi ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, dosent, Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərb tarixi üzrə professoru Nurulla Əliyevdir. Nəşrin elmi redaktoru Bakı Dövlət Universitetinin tarix elmləri doktoru, professor Pərvin Darabadi, redaktoru filologiya elmləri doktoru Sədi Nuriyevdir.
Nəşrin “Giriş”ində qeyd edilir ki, Azərbaycanın müstəqilliyinin bərpası ilə ölkəmizin hərb tarixində yeni milli silahlı qüvvələrin yaradılması mərhələsi başlanıb. Bu dövrün hərb tarixi üzrə mənbələri rəsmi sənədlər, kütləvi informasiya vasitələrinin materialları, hadisə iştirakçılarının məktub, xatirə və memuarlarıdır.
Yeddi bölmədən və 22 mövzudan ibarət olan proqramda Azərbaycan ərazisində üç min illik tarixi dövrdə baş vermiş əsas hərbi tarixi hadisələr ilk dəfə kompleks şəkildə əhatə edilib. Burada hərb işinin Azərbaycanda qədim dövr və orta əsrlərdə yaranması və inkişafının tarixinə, eləcə də yeni və ən yeni dövrlərdə hərbi quruculuq problemlərinə böyük yer ayrılıb.
Bölmələr “Azərbaycanda ən qədim dövrlərdən bizim eranın II əsrinədək baş vermiş hərbi-siyasi hadisələr və hərb işinin yaranması”, “Azərbaycanda orta əsrlər dövründə hərbi iş və hərb sənəti”, “Səfəvi dövlətində hərb sənəti və apardığı müharibələr. Azərbaycan xanlıqlarının hərbi sistemi (XVI - XIX)”, “Azərbaycan Xalq Cümhuriyyətinin hərb siyasəti (1918-1920)”, “Azərbaycanın Sovet Silahlı Qüvvələrində yeri və rolu (1920-1945)”, “Müharibədən sonra SSRİ Silahlı Qüvvələri və xarici ölkələr üçün kadr hazırlığı mərkəzlərindən biri kimi Azərbaycanın rolu” və “Azərbaycan Respublikasında müasir dövrdə hərbi quruculuq” mövzularına həsr olunub.
Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizdə ordu quruculuğu prosesinin ətraflı şəkildə əhatə olunduğu yeddinci bölmədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanda ordu quruculuğu prosesi, həmçinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun sürətli inkişafı, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər təqdim olunan mövzularda ətraflı şəkildə əksini tapıb.
Proqram tədris prosesində, xüsusi təyinatlı ali təhsil müəssisələrində, həmçinin gənc nəslə hərb tariximizlə bağlı zəruri biliklərin çatdırılması və onların milli vətənpərvərlik ruhunda tərbiyəsi işinin sistemli və əhatəli şəkildə aparılmasına mühüm töhfədir.