İDMAN


Azərbaycanın iki ağır atleti Avropa çempionatında qızıl medal qazanıb

A+ A

Bakı, 13 sentyabr, AZƏRTAC

Polşanın Novı-Tomısl şəhərində yeniyetmə və gənclər arasında keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının üçüncü günü Azərbaycan yığması üçün uğurlu olub. Yığmamızın üzvləri Səbinə Əzimova (48 kq) və Fuqan Əliyev (62 kq) qitə birinciliyinin qızıl medallarına sahib olublar.

AZƏRTAC xəbər verir ki, yeniyetmələr arasında mübarizə aparan ağır atletimiz Fuqan Əliyev birdən 105 kiloqram, təkanla qaldırma hərəkətində isə 135 kiloqram ağırlığın öhdəsindən gələrək toplam 235 kiloqram nəticə göstərib və Azərbaycan yığmasının hesabına ilk qızıl medalı qazandırıb.

İkinci qızıl medalı gənclər arasında ölkəmizi təmsil edən yığmamızın üzvü Səbinə Əzimova əldə edib. Atletimiz birdən 65 kiloqram və təkanla 87 kiloqram ağırlığı qaldıraraq toplam 152 kiloqram nəticə ilə karyerasında ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, bundan əvvəlki günlər atletlərimiz Rüstəm Qasımov və İsmayıl Məmmədov Azərbaycan millisinin aktivinə qitə birinciliyinin bürünc medallarını yazdırmışdı.

Avropa çempionatına sentyabrın 17-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.