İDMAN
Azərbaycanın iki qadın boksçusu dünya çempionatının yarımfinalına vəsiqə qazanıb
Bakı, 21 noyabr, AZƏRTAC
Koreya Respublikasının Jeju şəhərində qadınlar arasında boks üzrə dünya çempionatı davam edir.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, milli komandamızın iki üzvü yarımfinala vəsiqə qazanaraq medalları təmin ediblər.
Avropa çempionu Yelena Vıstropova (69 kq) dörddəbir finalda ABŞ təmsilçisi Danielle Volf üzərində qələbə qazanıb -2:1. Boksçumuz yarımfinalda Panama idmançısı Athena Bilon ilə qarşılaşacaq.
Dörddəbir finalda avstraliyalı Şelli Votsu 3:0 hesabı ilə mübarizədən kənarlaşdıran Yana Alekseyevanın (60 kq) növbəti rəqibi Fransa təmsilçisi Estell Mosseli olacaq.
Anna Əlimardanova isə (54 kq) dörddəbir finalda uduzaraq, medal qazanmaq şansını itirib. Millimizin üzvü türkiyəli Ayşə Taşa məğlub olub – 0:3.
Yarımfinal görüşləri noyabrın 23-də, finallar isə 24-də keçiriləcək.