ELM VƏ TƏHSİL
Azərbaycanın ilk impakt faktorlu jurnalı elmimizi layiqincə təmsil edir
Bakı, 26 iyul, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təsisçiliyi ilə dərc edilən “Applied and Computational Mathematics” (“Tətbiqi və Hesablama Riyaziyyatı”) beynəlxalq aləmdə jurnalı elmimizi layiqincə təmsil edir.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bu nəşr Azərbaycanın “Thomson Reuters” agentliyinin bazasına daxil olan və impakt faktor almış ilk elmi jurnalıdır. Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap edilir.
“Thomson Reuters” agentliyinin son reytinq cədvəlinə əsasən impakt faktoru 0,717-yə yüksəlmiş “Applied and Computational Mathematics” jurnalının uğuru redaksiya heyətinin üzvləri tərəfindən sevinclə qarşılanıb. Jurnalın redaksiyasına ABŞ, İtaliya, Polşa, İsveç, Pakistan, Ukrayna, Misir və digər dövlətlərdən daxil olan məktublarda bu nəşrin uğurlu fəaliyyəti yüksək dəyərləndirilib, redaksiya heyətinə və alimlərə təbriklər ünvanlanıb.