ELM VƏ TƏHSİL
Azərbaycanın informasiya texnologiyaları şirkəti Serbiya bazarına çıxmağa hazırlaşır
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycanın informasiya texnologiyaları şirkəti “Sinam” Serbiya bazarına çıxmağa hazırlaşır. Şirkət coğrafi informasiya sisteminin bu ölkədə tətbiq edilməsi ilə əlaqədar tenderdə iştirak edəcək. Sənədlər bu ilin oktyabr ayında təqdim olunacaq.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Sinam” tərəfindən Azərbaycanda coğrafi informasiya sisteminin yaradılması üzrə yüksək texnologiya və resurslara əsaslanan bir sıra layihələr həyata keçirilib. Şirkət coğrafi informasiya sistemi ilə əlaqədar hər cür xidmətin göstərilməsini təmin edir. Bu xidmətlərə biznes-tələblərin təyin edilməsi, həllərin strukturlarının yaradılması, aparat və proqram təminatlarının tətbiq olunması, sifarişçinin tələblərinə əsaslanan xüsusi proqram təminatlarının işlənilməsi, modellərin hazırlanması və kartoqrafik verilənlər bazalarının yaradılması, peyk təsvirlərinin və digər resurslarının hazırlanması və s. daxildir.