CƏMİYYƏT
“Azərbaycanın intellektual birincisi” layihəsinin icrasına start verilib
Bakı, 17 noyabr, AZƏRTAC
“İrəli” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycanın intellektual birincisi” layihəsinin icrasına başlayıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi gənclərin fəallığının, bilik və bacarıqlarının artırılması, onların intellektual səviyyələrinin yüksəldilməsi və beynəlxalq bilik yarışlarında rəqabətə davamlı gənclərin hazırlanmasıdır.
Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Günü münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə intellektual oyunların və televiziya proqramlarının gənclərin inkişafı baxımından önəmini xüsusi vurğulamışdı. İctimai Birlik məhz bunu nəzərə alaraq, gənclərin maarifləndirilməsi, onların intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, ölkə daxilində mütəmadi qaydada bu səpkidə yarışların vahid turnir formasında keçirilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə noyabr-dekabr aylarında “Azərbaycanın intellektual birincisi” layihəsini icra edəcək.
Dörd intellektual oyunu (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Da Vinçi şifrəsi”, “Vətəni tanı”) əhatə edəcək layihəyə 64 rayondan, həmçinin Bakının 11 rayonundan 1300-dən çox iştirakçının qatılması nəzərdə tutulub. Turnirdə hər rayon 17 nəfərdən ibarət komanda ilə təmsil olunacaq.
Gənclərin bilik və bacarıqlarını qiymətləndirəcək, onların intellektual inkişafına töhfə verəcək layihənin birinci mərhələsində iqtisadi rayonlar üzrə seçim turlarının, ikinci mərhələdə isə final yarışlarının keçirilməsi nəzərdə tutulub. Birinci mərhələ çərçivəsində respublikamızın inzibati-iqtisadi bölgüsünə uyğun olaraq, Tərtər, Quba, İsmayıllı, Şəki, Biləsuvar, Lənkəran, Mingəçevir, Şəmkir, Naxçıvan və Bakı şəhərlərində yarışlar baş tutacaq. Zona yarışlarında qalib gələcək komandalar dekabrda Bakıda keçiriləcək ikinci mərhələdə - final yarışında mübarizə aparacaq.