İQTİSADİYYAT


Azərbaycanın investisiya imkanları BƏƏ-nin iş adamlarına təqdim edilib

Bakı, 20 aprel, AZƏRTAC

İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər çərçivəsində "DP World Group" şirkətinin rəhbərləri ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla, azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasına məsləhət xidməti göstərən "DP World Group"un gördüyü işlər barədə məlumat verilib, məsləhət xidmətləri üzrə təqdimat keçirilib. Həmçinin sənaye və logistika infrastrukturu üçün Baş Plan, Zonanın inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də həyata keçiriləcək sahibkarlıq fəaliyyəti növləri barədə müzakirələr aparılıb.

Sonra Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin "VPS Healthcare" şirkətinin rəhbərliyi ilə görüşüb. İqtisadiyyat naziri Şahin Mustafayev hazırda Azərbaycanda əczaçılıq sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkının yaradıldığını və artıq parkda iki dərman istehsalı zavodunun tikintisinin aparıldığını diqqətə çatdırıb. Bildirilib ki, bununla yanaşı, əczaçılıq sahəsinə maraq göstərən digər şirkətlərlə danışıqlar davam etdirilir. Azərbaycanda səhiyyə sahəsinə investisiya yatırılması, o cümlədən birgə əczaçılıq müəssisəsinin yaradılması imkanları barədə geniş fikir mübadiləsinin aparıldığı görüşdə bu ilin fevralında "VPS Healthcare" şirkəti və "Azərbaycan İnvestisiya Şirkəti" ASC arasında Anlaşma Memorandumunun imzalandığı vurğulanıb, hazırlıq işlərinin tezliklə başa çatdırılması və əczaçılıq müəssisəsinin təməlinin qoyulması məsələsi müzakirə edilib.

Görüşdə "VPS Healthcare" şirkəti ilə səhiyyə sahəsində digər əməkdaşlıq imkanları da nəzərdən keçirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri "VPS Healthcare" şirkətinin Dubayda yerləşən səhiyyə müəssisəsində və dərman istehsalı zavodunda olub, müəssisələrin fəaliyyəti ilə maraqlanıblar. Məlumat verilib ki, səhiyyə sahəsində dünyada tanınmış şirkətlərdən olan "VPS Healthcare" şirkətinin 20 ixtisaslaşmış xəstəxanası, Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Səudiyyə Ərəbistanı, Oman, Qətər və Hindistanda 13 brenddə xəstəxana və sağlamlıq mərkəzləri, Dubayda əczaçılıq zavodu, Hindistanda stomatologiya kolleci və s. fəaliyyət göstərir. Ümumilikdə, "VPS Healthcare" şirkətinin 100 tibb müəssisəsi var. Daha bir əczaçılıq zavodu Əbu Dabidə tikilir. Şirkətin dərman zavodunun məhsulları Asiya, Avropa, Şimali və Cənubi Amerikaya ixrac olunur.

Həmin gün Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarının iştirakı ilə biznes forum keçirilib. Dubay Ticarət və Sənaye Palatasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş biznes forumda hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, qida, tikinti, maliyyə, turizm və başqa sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Tədbirdə hər iki ölkənin iqtisadiyyat nazirliklərinin, Dubay Ticarət və Sənaye Palatasının nümayəndələri çıxış edib, Azərbaycanın investisiya imkanlarının təqdimatı keçirilib. Forumda respublikamızın siyasi cəhətdən sabit, güclü iqtisadi potensiala, əlverişli biznes və investisiya mühitinə, tranzit imkanlarına malik, investisiya qoyuluşu üçün cəlbedici ölkə olduğu vurğulanıb. Birləşmiş Ərəb Əmirliklərinin iş adamları Azərbaycanda sənaye, kənd təsərrüfatı, İKT, turizm kimi prioritet sahələrə sərmayə yatırmağa dəvət edilib.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil edilib, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Sonra Azərbaycan şirkətlərinin təmsilçiləri "Lulu" marketlər şəbəkəsində olublar. Şəbəkənin rəhbərləri ilə keçirilən görüşdə əməkdaşlıq imkanları və Azərbaycan istehsalı olan məhsulların "Lulu"nun ticarət obyektlərində satışı barədə müzakirələr aparılıb. Qeyd edilib ki, BƏƏ-də Azərbaycan məhsullarına böyük maraq var, artıq alma və müxtəlif çeşiddə marketlər şəbəkəsində satışa çıxarılır. "Lulu" marketlər şəbəkəsi Körfəz regionunun ticarətində önəmli yerə malikdir və 138 mağazası ilə Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər, Küveyt, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya və Hindistanda fəaliyyət göstərir.

Azərbaycan iş adamları, həmçinin "Union Cop" mağazalar şəbəkəsində olub və şirkət rəhbərliyi ilə görüşüblər. Bu görüşdə də Azərbaycan məhsullarının, xüsusilə də meyvə-tərəvəzin "Union Cop" mağazalar şəbəkəsində satışına dair müzakirələr aparılıb. Qeyd edilib ki, artıq bəzi Azərbaycan məhsullarının "Union Cop" mağazalar şəbəkəsində satışı həyata keçirilir.

Aprelin 20-də Dubayda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası və bir sıra ikitərəfli görüşlər keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.