İQTİSADİYYAT
Azərbaycanın iş adamları Tbilisidə keçirilən beynəlxalq konfransda iştirak edirlər
Tbilisi, 20 mart, AZƏRTAC
Bu gün Tbilisidə “Gürcüstan iqtisadiyyatı: perpsektivlər və çağırışlar” adlı beynəlxalq konfrans keçirilib.
Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə Gürcüstanın maliyyə və bank bazarının imkanları, orta və kiçik biznesin inkişaf perspektivləri, investisiya qoyuluşu, xarici iş adamları üçün yaradılan şərait və s. məsələlər müzakirə olunub.
Gürcüstan Baş nazirinin müavini, maliyyə naziri Dmitri Kumsişvili deyib ki, konfransda ümumilikdə 450 nümayəndə iştirak edir. Onların da əksəriyyəti xarici qonaqlardır. Bu da xarici iş adamlarının Gürcüstan iqtisadiyyatına marağının göstəricisidir.
Kumsişvili Gürcüstanda xarici iş adamları üçün geniş imkanların yaradılacağını xüsusi qeyd edib.
Tədbirin təşkilatçılarından olan “Paşa Bank-Gürcüstan” idarə heyətinin sədri Şahin Məmmədov konfransın özəl sektorun inkişafına həsr olunduğunu deyib: “Biz regional bank olaraq bu tədbirə dəstək veririk. Bu cür tədbirlər Azərbaycan-Gürcüstan biznes və iqtisadi əlaqələrinin genişləndirilməsinə töhfə verir. Gürcüstan ərazisində 3 ildən çoxdur ki, fəaliyyət göstərən “Paşa Bank-Gürcüstan” Azərbaycanın biznes adamlarına və yerli biznesin inkişafına kömək edir”.
Sonra tədbirdə investisiya qoyuluşu, mövcud risklər, bank əməliyyatları, özəl sektora dövlət dəstəyi və s. mövzularda məruzələr dinlənilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi