İQTİSADİYYAT
Azərbaycanın ixrac missiyası yanvarda Almaniyaya gedəcək
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Almaniya Federativ Respublikasına ixrac missiyasını təşkil etdiyini elan edir. İxracatçılar ixrac missiyasında iştirak etmək üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Almaniya Federativ Respublikasına ixrac missiyası yanvarın 23-26-da baş tutacaq.
İxrac missiyalarının əhatə etdiyi sektorlar: meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, şərab və digər spirtli içkilər, bal və baldan hazırlanan məhsullar, çay və fındıq məhsulları.
İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər.
İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) müsabiqənin təşkilatçılarıdır.
Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında dekabrın 29-da AZPROMO-da təşkil olunacaq. Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər prospekti 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: [email protected]. Əlaqə telefonu: +99412 5980147/48.
Seçim meyarları: ixracatçının məhsulları üzrə istehsal potensialı 10 bal, məhsulların hədəf ölkəyə ixrac potensialı 10 bal, sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə 5 bal), meyarların cəmi üzrə keçid balı minimum 20 baldır.
İxrac missiyalarında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir: ərizə, sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.
Sənədlər AZPROMO-ya dekabrın 28-i daxil olmaqla təqdim edilməlidir.