İQTİSADİYYAT
Azərbaycanın kabel televiziyası şəbəkələrində analoq yayımı davam etdiriləcək
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan ərazisində dekabrın 1-dən televiziya kanallarının analoq yayımının dayandırılmasına baxmayaraq, kabel operatorların şəbəkələrində analoq yayımı davam etdiriləcək.
İnformasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu haqda Azərbaycan Kabel Operatorları Assosiasiyasının icraçı katibi Əli Əliyev deyib. Onun sözlərinə görə, analoq formatda KATV1 və “Ailə TV” kabel operatorlarının xidmətlərindən istifadə edənlər dekabrın 1-dən sonra da bu yayımdan faydalanacaq.
Ə.Əliyev qeyd edib ki, analoq yayımın dayandırılması yalnız efir kanallarına aiddir və dekabr ayından sonra efir kanallarını izləmək üçün ya DVB-T rəqəmli formatı dəstəkləyən televizor olmalı, ya da bunun üçün ayrıca xüsusi DVB-T və ya DVB-S qəbuledici qoşulmalıdır. Lakin Azərbaycanda satılan müasir televizorlarının əksəriyyətində rəqəmli televiziyanı dəstəkləyən DVBT resiveri olduğu üçün əlavə cihaz almağa ehtiyac yoxdur. Kabel televiziyasında isə hər şey olduğu kimi qalacaq.