İQTİSADİYYAT
Azərbaycanın kənd təsərrüfatı məhsulları “MAHA-2014” sərgisində maraqla qarşılanıb
Kuala Lumpur, 26 noyabr, AZƏRTAC
Malayziyanın Kənd Təsərrüfatı və Aqrar Sənaye Nazirliyinin təşkilatçılığı ilə keçirilən “MAHA-2014” – Malayziya kənd təsərrüfatı, bağçılıq və aqroturizm üzrə beynəlxalq sərgisində Azərbaycanın kənd təsərrüfatı məhsulları ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Bu sərgi Malayziyada iki ildən bir təşkil edilir və pavilyonlarda iştirakçı ölkələrdə istehsal olunan yeyinti məhsulları, meyvə şirələri, spirtsiz içkilər, konservləşdirilmiş meyvə-tərəvəz məhsulları, turşular, müxtəlif növ mürəbbələr, meyvələr, balıq, toyuq, ət və ət məhsulları, ədviyyatlar və digər məhsullar nümayiş etdirilir.
Cari il “MAHA 2014” sərgisində Azərbaycanı “Gilan Holdinq” şirkəti təmsil edib və Qəbələ konserv zavodunun məhsullarından ibarət nümunələr ziyarətçilərə təqdim olunub.
Azərbaycan üçün ayrılmış pavilyonda “Gilan” şirkətinin istehsalı olan “Jalə” şirələri, “Bağdan” kompotları və konservləri, həmçinin ölkəmizin Malayziyadakı səfirliyinin təqdim etdiyi şirniyyat və milli suvenirlər nümayiş etdirilib. Azərbaycan pavilyonunu ziyarət edənlərə nümayiş olunan məhsullardan hədiyyələr də verilib. Pavilyonda sərgilənən məhsulların keyfiyyəti ziyarətçilərin marağına səbəb olub.
Sərginin açılışında onun layihə direktoru, Malayziyanın Baş naziri Nəcib Tun Razak da iştirak edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur