REGİONLAR
Azərbaycanın kənd təsərrüfatı sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı yüksək səviyyədədir
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı nümayəndəliyinin rəhbəri Nil MakKeyn ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi AYİB-in kənd təsərrüfatı kreditlərinin maliyyələşdirilməsi ilə əlaqədar yeni maliyyə çərçivəsinin hazırlanması üzrə müzakirələrin aparılması olub.
Qonağı səmimi salamlayan nazir Heydər Əsədov beynəlxalq təşkilatlarla kənd təsərrüfatı sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu, kənd təsərrüfatının inkişafında AYİB tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətini müsbət qiymətləndirib. O, Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb.
İnvestisiya tələb olunan sahələr barədə məlumat verən nazir Azərbaycan dövlətinin və AYİB-in birgə dəstəyi ilə “Aqropark”ların yaradılması istiqamətində yeni layihələrin həyata keçirilməsini məqsədəuyğun hesab edib və bu barədə geniş fikir mübadiləsi aparılıb.
Nil MakKeyn Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən aqrobiznes sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Qonaq gələcəkdə aqrar sahədə əməkdaşlığı daha da inkişaf etdirməyə önəm verdiyini və bu məqsədlə araşdırmalar apardıqlarını diqqətə çatdırıb.
Nil MakKeyn “Aqropark”ların, logistik bazaların yaradılmasına, məhsulun saxlanması istiqamətində gələcəkdə yeni layihələrin həyata keçirilməsinə, fermerlərin bazara çıxış yollarının daha da yaxşılaşdırılması məqsədilə kənd yollarının bərpasına investisiya qoyulmasına önəm verdiklərini deyib və gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.