İDMAN
Azərbaycanın kişi və qadın voleybolçuları “Bakı-2017”yə qələbə ilə başlayıblar
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, “Baku Crystal Hall”da kişilərin yarışında 10 komanda 2 qrupda, qadınların yarışında isə 4 komanda dairəvi sistem üzrə birincilik uğrunda mübarizə aparır.
Qadınların yarışında Azərbaycan millisi ilk görüşdə Qırğızıstan yığması ilə qarşılaşıb. Voleybolçularımızın üstünlüyü şəraitində keçən görüşdə millimiz 3:0 (25:7, 25:3 və 25:8) hesabı ilə qələbə qazanıb.
Türkiyə millisi isə Tacikistan voleybolçularını sınağa çəkib. Hər üç setdə möhtəşəm oyun nümayiş etdirən türkiyəli voleybolçular IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıblar – 3:0 (25:8, 25:6 və 25:7).
Kişi voleybolçuların “A” qrupunda ilk görüş Türkiyə və Türkmənistan komandaları arasında oynanılıb. Bu dəfə də görüş türkiyəli voleybolçuların 3:0 hesablı qələbəsi ilə başa çatıb (25:16, 25:14 və 25:22).
Günün sonuncu oyununda isə Azərbaycan millisi Pakistan yığması ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə millimiz rəqibini 3:0 (25:22, 25:18 və 25:21) hesabı ilə məğlub edib.