İQTİSADİYYAT


Azərbaycanın mərhum energetika naziri Natiq Əliyev son mənzilə yola salınıb YENİLƏNİB 2

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 10-da ictimai-siyasi xadim, Azərbaycanın mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyev son mənzilə yola salınıb.

AZƏRTAC xəbər verir ki, vida mərasimində Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, digər dövlət və hökumət rəsmiləri, deputatlar, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin binasının matəmsayağı bəzədilmiş salonunda postament üzərinə qoyulmuşdu.

Tabutun önünə Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti adından əklillər qoyulmuşdu.

Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Salonda həzin matəm musiqisi səslənirdi.

Natiq Əliyevin həmkarları, dostları, tanışları, ictimaiyyətin nümayəndələri axın-axın Mərkəzin binasına gəlir, ictimai-siyasi xadim və gözəl insanla vidalaşırdılar.

Vida mərasimində çıxış edən Milli Məclisin sədrinin müavini Valeh Ələsgərov dedi ki, Natiq Əliyev hər kəsin qəlbində xalqına, dövlətinə şərəflə xidmət etmiş şəxs kimi qalacaq. O, Natiq Əliyevin həyat və fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, 1947-ci ildə Bakıda anadan olmuş Natiq Əliyev orta məktəbi bitirdikdən sonra 1965–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda dağ mühəndis-geoloqu ixtisası üzrə ali təhsil alıb. Onun bütün mənalı ömrü Azərbaycanda neft sənayesinin inkişafı ilə bağlı olub. 1993-cü ildən 2005-ci ilədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, 2005–2013-cü illərdə sənaye və energetika naziri, 2013-cü ildən ömrünün sonunadək isə energetika naziri vəzifələrində çalışıb.

Valeh Ələsgərov qeyd etdi ki, Natiq Əliyev uzun illər Azərbaycanın milli maraqlarının qorunması üçün bilik və bacarığını əsirgəməyərək, özünün yüksək peşəkarlığı və təşəbbüskarlığı sayəsində ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmiş dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanıb müvəffəqiyyətlə gerçəkləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərib.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Natiq Əliyevlə bağlı xatirələrini bölüşdü. O, Natiq Əliyevin həmişə Azərbaycanın maraqları uğrunda çalışdığını vurğuladı. Qeyd etdi ki, Azərbaycanın 1994-cü ilin sentyabrında dünyanın transmilli şirkətləri ilə imzaladığı “Əsrin müqaviləsi” ilə başlanan yeni neft strategiyasının uğurla həyata keçirilməsində, neft-qaz sazişlərinin imzalanmasında, Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum kimi qlobal layihələrin reallığa çevrilməsində və bütövlükdə ölkənin enerji sahəsində tarixi nailiyyətlər qazanmasında Natiq Əliyevin özünəməxsus xidmətləri olub. O, qlobal enerji təhlükəsizliyi layihəsi sayılan “Cənub Qaz Dəhlizi” üzrə əməkdaşlıq münasibətlərinin qurulması və layihənin yerinə yetirilməsi işinə layiqli töhfələr verib.

Xoşbəxt Yusifzadə dedi ki, bacarıqlı təşkilatçı və təvazökar insan Natiq Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev də Natiq Əliyevin mənalı ömür yolundan danışdı. Dedi ki, Natiq Əliyev tədqiqatçı-alim olaraq Xəzər dənizində neft-qaz yataqlarının axtarışı və kəşfiyyatına, eləcə də enerji sektorunun ayrı-ayrı məsələlərinin öyrənilməsinə dair 100-dən çox sanballı elmi araşdırmanın müəllifidir.

“Azərişıq” ASC-nin sədri Balababa Rzayev Natiq Əliyevin Azərbaycanın neft strategiyasının həyata keçirilməsində mühüm rolunu vurğuladı. Qeyd etdi ki, beynəlxalq enerji siyasəti sahəsində tanınmış mütəxəssislərdən olan Natiq Əliyevin Azərbaycanın sosial-iqtisadi yüksəlişi və enerji təhlükəsizliyinin təmin olunmasında, enerji resurslarından istifadənin səmərəliliyinin artırılması işlərinin əlaqələndirilməsində, neft sənayesinin və energetikanın inkişafında səmərəli xidmətləri olub. O, bir sıra xarici ölkələrin mötəbər mükafatları ilə təltif olunub.

Mərhumun oğlu Fərhad Əliyev atasının müalicəsi üçün göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür etdi. O, atasının xatirəsini əziz tutaraq vida mərasimində iştirak edənlərə də ailəsi adından minnətdarlığını bildirdi.

Bununla da vida mərasimi başa çatdı, mərhumun cənazəsi son mənzilə yola salındı.

Mərhum nəşi II Fəxri xiyabanda torpağa tapşırıldı.

Allah rəhmət eləsin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.