SİYASƏT
Azərbaycanın milli bayramı Əddis-Əbəbədə təntənəli şəkildə qeyd edilib
Bakı, 30 may, AZƏRTAC
Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycanın milli bayramı-Respublika Günü təntənəli şəkildə qeyd edilib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Efiopiyanın Baş nazirinin müşaviri Fasil Nahome, Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmiləri, ölkədəki diplomatik nümayəndəliklərin yüzə yaxın rəhbəri və əməkdaşı, aparıcı media qurumlarının təmsilçiləri, Azərbaycan universitetlərindən məzun olmuş Efiopiya vətəndaşları, mədəniyyət sahəsinin nümayəndələri və başqaları iştirak ediblər.
Tədbirdə “Bakı-2015” ilk Avropa Oyunlarına aid fotosərgi də təşkil olunub. Qonaqlar sərgiyə və Azərbaycan haqqında videoreportaja maraqla baxıblar.
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və gördüyü işlər haqqında məlumat verib. O, müasir Azərbaycanın inkişafından bəhs edib və bu inkişafın əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib.
Səfir E.Abdullayev bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük uğurlara imza atdığını və dünyanın diqqət mərkəzinə çevirdiyini bildirib. O, beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edən Azərbaycanda gələn ay keçiriləcək ilk Avropa Oyunları barədə də məlumat verib.
Sonra “Bakı-2015” haqqında videoçarx göstərilib.
Efiopiyanın Milli Teatrının rəqs qrupu Azərbaycanın milli rəqsləri olan “Uzundərə”, “Naz eləmə”, və “Yallı” rəqslərini milli
geyimlərimizdə ifa edib. Həmçinin Efiopiya xalq rəqsləri və musiqiləri ifa olunub.