SİYASƏT


Azərbaycanın milli bayramı-Respublika Günü Daşkənddə qeyd edilib

Daşkənd, 22 may, АZƏRTAC 

Azərbaycanın Özbəkistandakı səfirliyi 28 May - Respublika Günü ilə əlaqədar rəsmi qəbul keçirib.

Qəbulda Özbəkistanın Baş naziri Abdulla Aripov, bu ölkədə akkreditə olunan səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Özbəkistanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, fəaliyyəti və qısa müddət ərzində gördüyü işlər haqqında məlumat verib.

Diplomat bildirib ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edib, demokratik və hüquqi dövlət quruculuğu sahələrində böyük uğurlar qazanıb.

Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlardan söhbət açan səfir qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra qısa müddət ərzində ölkəmiz Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra digər beynəlxalq təşkilatların üzvlüyünə qəbul olunub, həmçinin iki il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.

Bildirilib ki, Azərbaycan əsrlərboyu müxtəlif mədəniyyət və dinlərin kəsişdiyi məkanda yerləşib. Bunun nəticəsidir ki, ölkəmizdə tolerantlıq və multikultural dəyərlər həmişə ön planda olub.

Səfir Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib. O deyib: “Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni və dini abidələri dağıdılıb. Bu, ATƏT-in faktaraşdırıcı missiyasının hesabatında da əksini tapıb. Azərbaycanda isə Bakının mərkəzində erməni kilsəsi bərpa olunub.

BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib, lakin işğalçı Ermənistan bu nüfuzlu beynəlxalq təşkilatın sənədlərinə də məhəl qoymur və bununla da beynəlxalq ictimaiyyətə meydan oxuyur. Burada demək lazımdır ki, bu təşkilatların qətnamələri bəzən bir neçə saat ərzində icra olunur, Azərbaycan torpaqlarının boşaldılmasına gəldikdə isə, 20 ildir bu məsələ kağız üzərində qalıb”.

Səfir Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin inkişafından da söhbət açıb, əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylərin artırıldığını qeyd edib.

Tədbirdə səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi bədii proqram təqdim olunub. Bədii hissədə Özbəkistanın tanınmış sənətçiləri Azərbaycan və Özbəkistanın xalq mahnılarını ifa ediblər.

AMM-nin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı tərəfindən milli rəqslərimiz nümayiş olunub.

Sonra ziyafət verilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.