CƏMİYYƏT
Azərbaycanın milli bayramı Tbilisi Dövlət Universitetində də qeyd olunub
Tbilisi, 27 may, AZƏRTAC
Mayın 27-də İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə tədbir keçirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Tbilisidəki “Ceyran rəqs qrupu” və universitetin nəzdindəki Heydər Əliyev adına Dostlar Klubu tərəfindən birgə təşkil olunan tədbirdə ali təhsil ocağının professor və müəllimləri, azərbaycanlı və gürcü tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə attaşesi Samirə Ağayeva tədbirdə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və onun süqutunun səbəblərindən danışıb. Bildirib ki, tədbirin Tbilisi şəhərində keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Tbilisidə yaranıb.
S.Ağayeva mayın 26-nın Gürcüstanın da milli müstəqillik günü olduğunu xatırladıb, dost gürcü xalqını təbrik edib. O, xalqlarımız arasındakı qədim dostluq əlaqələrindən danışaraq deyib ki, 1990-cı illərdə Azərbaycan və Gürcüstan müstəqilliyə qovuşduqdan sonra münasibətlərimiz yeni müstəvidə daha da inkişaf edib və möhkəmlənib. Xalqlarımızın milli bayramlarını birgə qeyd etmələri buna əyani sübutdur.
Tbilisi Qafqazşünaslıq İnstitutunun direktoru, professor Çira Baramidze çıxış edərək Azərbaycan və gürcü xalqlarını milli bayramlar münasibətilə təbrik edib. Gənclərə müraciət edən professor deyib: “1918-ci ilin mayında Gürcüstanda və Azərbaycanda müstəqil dövlətlər yarandı. Lakin bir müddətdən sonra bolşeviklərin hücumu ilə hər iki dövlət devrildi. Sovet imperiyası dağıldıqdan sonra biz yenə də müstəqilliyimizə qovuşduq, yenə də qanımız bahasına. Biz, müstəqilliyimiz uğrunda canlarından keçən qəhrəmanlarımızı unutmamalıyıq. Gənc nəsil də şanlı tariximizi bilməli və yaşatmalıdır”.
Tədbir konsert proqramı ilə davam edib.
Tbilisidəki 64 saylı məktəbdə fəaliyyət göstərən “Ceyran rəqs qrupu”nun şagirdləri Azərbaycan və gürcü xalq rəqslərini ifa ediblər.
Tbilisi şəhər 73 saylı M.F.Axundov adına Azərbaycan məktəbinin 8-ci sinif şagirdi Ramin Pirməmmədovun tarda ifa etdiyi “Qarabağ” mahnısı xüsusi alqışlarla qarşılanıb.
Tanınmış müğənnilər xalq və bəstəkar mahnılarını ifa ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi