SİYASƏT
Azərbaycanın milli bayramı Tokioda təntənəli şəkildə qeyd edilib VİDEO
Tokio, 28 may, AZƏRTAC
Azərbaycanın milli bayramı - Respublika Günü Yaponiyanın paytaxtı Tokioda da təntənəli şəkildə qeyd edilib.
Ölkəmizin Tokiodakı səfirliyi tərəfindən bu münasibətlə təşkil olunan rəsmi qəbulda Yaponiyanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, deputatlar, diplomatik korpusun təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, şirkət rəhbərləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Azərbaycanın və Yaponiyanın dövlət himnləri səsləndikdən sonra səfir Gürsel İsmayılzadə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan danışıb. Bildirib ki, XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ağır sınaqlara sinə gərərək dövlətçiliyini dəyanətlə qoruyub. Müasir Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin inkişafı yolunda inamla addımlayır, ölkədə davamlı siyasi-iqtisadi islahatlar həyata keçirilir. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayan səfir gələn ay Bakıda keçiriləcək ilk Avropa Oyunları haqqında məlumat verib və bunun ölkəmizin tarixində əlamətdar hadisə olacağını deyib.
Azərbaycan və yapon xalqları arasında əlaqələrin böyük tarixə malik olduğunu qeyd edən diplomat vurğulayıb ki, bu əlaqələr Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra yeni müstəviyə qədəm qoyub. O, iki ölkə arasında münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya səfərinin böyük rol oynadığını diqqətə çatdırıb. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Yaponiyaya dövlət səfərinin əlaqələrimizin inkişafına böyük töhfələr verdiyini vurğulayıb.
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən səfir deyib ki, Azərbaycan və Yaponiya beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyir. Yaponiya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və müdafiə edir.
Diplomat iki dost ölkə arasında əməkdaşlığın son illər sürətlə inkişafında dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin mühüm rol oynadığını deyib. Qeyd edib ki, Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyətinin cari ilin aprelində Yaponiyaya, Yaponiya Baş nazirinin müavini Taro Asonun mayda Azərbaycana səfəri bu əlaqələrin daha da sıxlaşmasına müsbət təsir göstərəcək.
Mərasimdə çıxış edən Yaponiyanın iqtisadiyyat və maliyyə siyasəti naziri, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Akira Amari Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan nazir bildirib ki, Azərbaycan regionda Yaponiyanın ən etibarlı tərəfdaşıdır. Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun ümummilli lider Heydər Əliyevin Yaponiyaya səfəri zamanı yarandığını xatırladan həmsədr bu gün iki ölkə arasında münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edib.
Nazir Milli Məclisin sədri Oqtay Əsədovun Yaponiyaya səfərinin iki ölkənin parlamentləri arasında əməkdaşlığın genişlənməsinə xidmət edəcəyini bildirib.
Tədbirdə çıxış edən hakim Liberal Demokratik Partiyasının hökumətdə koalisiya tərəfdaşı olan Yeni Komey partiyasının sədri Naçuo Yamaquşi Azərbaycanın son illərdəki sürətli inkişafını vurğulayıb, Yaponiyanın zəngin enerji ehtiyatlarına malik ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu deyib. Qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var.
Rəsmi qəbul ziyafətlə başa çatıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio