SİYASƏT
Azərbaycanın milli bayramı - Respublika Günü Cənubi Afrika Respublikasında qeyd edilib
Bakı, 25 may, AZƏRTAC
Cənubi Afrika Respublikasının inzibati paytaxtı olan Pretoriyada Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May – Respublika Gününə həsr olunan qəbul təşkil edilib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, qəbulda Beynəlxalq Olimpiya Komitəsinin üzvü Sem Ramsani, ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət qurumlarının, təhsil və elmi dairələrin, Azərbaycan və türk icmasının, CAR-da təsis edilmiş “Azərbaycanın Dostları” yerli qeyri-hökumət təşkilatının nümayəndələri, jurnalistlər və iş adamları iştirak ediblər.
Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra səfir Elxan Poluxov çıxış edərək Azərbaycan və 28 May – Respublika Günü barədə məlumat verib. O, səfirliyin təsis edildikdən sonra üç il ərzində fəaliyyəti, həyata keçirilən humanitar və mədəniyyət layihələri, dövlətlərarası əlaqələrin inkişafı, qarşılıqlı səfərlər və perspektiv planlar barədə də danışıb. Həmçinin gələn ay Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları haqqında məlumat verilib və bunun ölkəmizin tarixində əlamətdar hadisə olacağı vurğulanıb.
CAR-ın Kommunikasiya Departamentinin baş direktoru M.Dippoku Respublika Günü münasibətilə təbriklərini çatdırıb. O, CAR-ın Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verdiyini qeyd edib. Baş direktor Azərbaycanın yerləşdiyi regionda aparıcı ölkə olduğunu və demokratik dövlət quruculuğu yolunda CAR kimi çətin və şərəfli yol keçdiyini vurğulayıb.
Yerli KİV tərəfindən işıqlandırılan tədbir çərçivəsində Azərbaycanda istehsal olunan müxtəlif yeyinti, şərabçılıq və digər məhsullardan ibarət sərgi nümayiş etdirilib.