SİYASƏT
Azərbaycanın milli bayramı - Respublika Günü Uruqvayda qeyd olunub
Bakı, 25 may, AZƏRTAC
Azərbaycanın Uruqvaydakı diplomatik missiyası tərəfindən Montevideo şəhərində 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
Qəbulda Uruqvayın xarici işlər nazirinin müavini Xose Luis Kansela, parlamentin Senat və Nümayəndələr Palatasının üzvləri, digər dövlət qurumlarının, siyasi partiyaların, diplomatik korpusun, işgüzar dairələrin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanov ölkəmizin inkişaf strategiyası, regional proseslərdə və beynəlxalq siyasətdə rolu, son illərdə əldə etdiyi uğurlar, torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə danışıb. Ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər barədə məlumat verən diplomat növbəti illərdə Azərbaycanın digər beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyini vurğulayıb.
Tədbirdə Azərbaycanın mədəniyyəti, tarixi, iqtisadi inkişafı, regional enerji və infrastruktur layihələri, o cümlədən ölkəmizdə mövcud olan tolerantlıq və dinlərarası dialoq haqqında videoçarx nümayiş etdirilib.