SİYASƏT


Azərbaycanın milli bayramı - Respublika Günü ilə əlaqədar Minskdə ziyafət təşkil edilib

Bakı, 30 may, AZƏRTAC

Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən 28 May – Respublika Gününə həsr olunan ziyafət təşkil edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, ziyafətdə Belarusun dövlət, hökumət və parlament nümayəndələri, Minskdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Belarus ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, Belarusda təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Tədbirə qatılanlar arasında Belarus Respublikası Nazirlər Soveti sədrinin müavini V.Semaşko, xarici işlər nazirinin birinci müavini A.Yedaçenko, keçmiş xarici işlər naziri S.Martınov, informasiya naziri L.Ananiç, Belarusun Azərbaycandakı keçmiş səfiri N.Patskeviç, Baş nazirin sabiq müavini V.Burya, MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib S.Lebedev, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini V.Quminski, MDB İcraiyyə Komitəsi sədrinin müavini K.Jusubekov da olub.

Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirildikdən sonra səfir Lətif Qəndilov çıxış edərək Azərbaycanın qədim tarixi barədə ətraflı məlumat verib. O bildirib ki, 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika olub və bununla da xalqımız yüz illər boyu müstəqil dövlət qurmaq arzusunu gerçəkləşdirib. Yetmiş il Sovet İttifaqının tərkibində olan və 1991-ci ildə Sovetlər Birliyinin dağılması ilə müstəqilliyinin bərpasına nail olan müasir Azərbaycan Respublikası həmin vaxtdan tərəqqi və inkişaf yolu ilə addımlayır. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və Prezident İlham Əliyevin apardığı iqtisadi, siyasi islahatlar sayəsində Azərbaycan Respublikası dünyanın hörmət olunan layiqli dövlətinə çevrilib.

Səfir qeyd edib ki, bu gün Azərbaycan Respublikasının yeganə həll olunmamış problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və 1 milyondan artıq Azərbaycan vətəndaşının öz vətənində qaçqın və məcburi köçkün vəziyyətinə düşməsidir. İşğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan tərəfindən beynəlxalq ictimaiyyətin gözü qarşısında 26 ildir ki, icra olunmamış qalmaqdadır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsində ədalətli və prinsipial mövqeyinə görə Belarus Prezidenti Aleksandr Lukaşenkoya öz minnətdarlığını bildirib.

Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərə toxunan səfir bildirib ki, ölkələrimizin iki böyük lideri İlham Əliyevin və Aleksandr Lukaşenkonun səyləri nəticəsində münasibətlərimiz strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Prezidentlər arasında münasibətlər isə dövlətlərarası münasibətlərə nümunə olub.

Səfir Minskdə Azərbaycan Ticarət Evinin açılması ilə bağlı 2016-cı ilin noyabr ayında Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri zamanı prezidentlər arasında razılıq əldə olunduğunu bildirib, artıq bu il mayın 26-da Minskdə Azərbaycan Ticarət Evinin açılışının olduğunu qeyd edib. O, bunun Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsinin artmasına səbəb olacağını söyləyib və Azərbaycan Ticarət Evinin açılışı ilə bağlı göstərilən köməyə görə Belarus hökumətinə təşəkkürlərini bildirib.

Sonra tədbirdə qonaq qismində iştirak edən Belarus Respublikası Nazirlər Soveti sədrinin müavini, Azərbaycan-Belarus Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Vladimir Semaşko çıxış edərək Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. O bildirib ki, xalqlarımız arasında əlaqələrimiz qarşılıqlı etibar və səmimiyyət sayəsində daim möhkəmlənir. Biz ənənəvi qardaşlıq və dostluq münasibətlərimizə görə fəxr edirik.

Tədbirdə Azərbaycan Ticarət Evinin təqdimatı keçirilib və qonaqlara Azərbaycan məhsulları təqdim olunub.

Ziyafətdə Belarus Prezidentinin simfonik orkestrinin solistlərinin ifasında Üzeyir Hacıbəylinin, Niyazinin, Tofiq Quliyevin, Sultan Hacıbəyovun əsərlərindən ibarət klassik musiqi nümunələri qonaqların marağına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.