SİYASƏT
Azərbaycanın milli atlası “EuroGeographics” Baş Assambleyası iclasının Təşkilat Komitəsinə hədiyyə olunub
Avropanın 36 ölkəsindən 151 nümayəndə toplamış forumda Dövlət Torpaq və Xətitəçəkmə Komitəsinin sədri Qərib Məmmədov başda olmaqla Azərbaycan nümayəndə heyəti iştirak edir.
Sentyabrın 30-da, tədbirin ikinci günü iştirakçılar “EuroGeographics” BA-nın prezidenti İnqrid Vanden Bergenin sədrliyi ilə bütün Avropa dövlətləri üçün ümumi infrastruktur məlumatları platformasının yaradılması mövzusunu müzakirə ediblər.
Xatırladırıq ki, bir gün əvvəl “EuroGeographics” BA-nın prezidenti İnqrid Vanden Berge AZƏRTAC-a verdiyi müsahibədə təşkilatın müxtəlif layihələrində və tədbirlərində fəal və səmərəli iştirakına görə Azərbaycanı yüksək qiymətləndirmişdi.
Bu gün forum çərçivəsində nümayəndə heyətimiz həmçinin öz avropalı həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirib, Prezident İlham Əliyevin sərəncamına əsasən cari ildə çap olunmuş “Azərbaycan Respublikasının milli atlası”nın nəfis nəşr edilmiş nüsxələrini Təşkilat Komitəsinin rəyasət heyətinə təqdim edib.
Hədiyyə Təşkilat Komitəsinin rəhbərliyi tərəfindən minnətdarlıq hissi ilə qəbul olunub.
Bu gün “EuroGeographics” BA təşkilatın rəhbər heyətinin yeni üzvlərini seçmək məqsədilə keçirilmiş səsvermə ilə öz ikigünlük işini başa çatdırıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu