ELM VƏ TƏHSİL
Azərbaycanın müasir tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma tədbiri keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, universitetdə bütün tədris auditoriyalarında ilk dərs Ulu Öndər Heydər Əliyevə həsr olunub.
Əvvəlcə universitetin kollektivi Ulu Öndərin bu ali məktəbdəki büstünün qarşısına tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva ümummilli lider Heydər Əliyevin cahanşümul fəaliyyətindən, Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb. Qeyd edilib ki, Azərbaycanın müasir tarixi zəmanəmizin böyük siyasi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşər tarixinin dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərindəndir. Ümummilli lider Heydər Əliyevin polad iradəsi, qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Taleyüklü hadisələrlə dolu olan bu dövr ərzində müdrik rəhbər Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi tərəqqisinə nail olub. Bu qüdrətli şəxsiyyətin müəyyənləşdirdiyi yeni strateji siyasi kurs daim Azərbaycana uğur gətirib. Bütün mənalı ömrünü öz xalqının və vətəninin inkişafı naminə sərf edən ümummilli liderimiz Azərbaycanı öz möhtəşəm fəaliyyəti ilə bütün dünyaya tanıtdırıb, xalqımızın xoşbəxt və firavan gələcəyi üçün etibarlı bünövrə qoyub, onun idarəçilik mexanizmini formalaşdırıb.
ADMİU-nun Yeni Azərbaycan Partiyası təşkilatının sədri Orxan Məmmədov müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bəşər tarixinin dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərindən biri olduğunu söyləyib. Bildirilib ki, polad iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanı və xalqımızı zamanın ən çətin sınaqlarından çıxarıb, ölkəmizin ictimai-siyasi, iqtisadi tərəqqisinə nail olub.
Universitetin tələbə gənclər təşkilatının üzvləri Ulu Öndərin gənclərin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, bu gün müstəqil Azərbaycanın dünyada qüdrətli bir ölkə kimi tanınmasında müdrik rəhbər Heydər Əliyevə borclu olduqlarını söyləyiblər.